Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir E.İsmayılov/
İyulun 1-nə olan məlumata görə, Azərbaycan tərəfindən Bakı-Tbilisi-Qars layihəsi üzrə dəmir yolunun Gürcüstandan keçən hissəsinin tikintisi üçün ayrılan birinci tranş çərçivəsində Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) 85,7 milyon dollar verib. Bu barədə çərşənbə axşamı ARDNF-dən deyilib.
Hazırda Azərbaycanın Gürcüstan tərəfi üçün ayırdığı kreditin ümumi həcmi 775 milyon dollar təşkil edir. O, iki tranşla veriləcək. Birinci tranşın həcmi 200 milyon dollar təşkil edir. O, Gürcüstana 25 il müddətinə illik 5 faizlə verilib. İyulun 1-də Gürcüstan tərəfinə əlavə 575 milyon dolların verilməsi barədə saziş imzalanıb. Bu vəsaitlər 25 il müddətinə illik 5 faizlə veriləcək.
Azərbaycan tərəfindən Gürcüstan ərazisində tikinti və bərpa işləri üçün ayrılan əlavə vəsaitlər layihədə nəzərdə tutulan işlərin başa çatdırılması üçün kifayət edəcək.
Bakı-Tbilisi-Qars dəmiryolunun Marabda-Türkiyə sərhədi Gürcüstan hissəsinin (Kartsaxi) tikintisi və bərpası ARDNF tərəfindən həyata keçirilir.
"İyulun 1-nə birinci tranş çərçivəsində ümumilikdə 85,7 milyon dollar köçürülüb. Yalnız birinci tranşdan istifadə edildikdən sonra ikinci tranş üzrə köçürmələr başlanılacaq", - ARDNF-da qeyd ediblər.
Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol magistralının yeni 105 km.-lik qolunun tikintisi də planlaşdırılır. Bunun 76 km.-i Türkiyə, 29 km.-i isə Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, nəqletmə gücünü ildə 15 milyon ton yükə çatdırmaq üçün Gürcüstanda 183 km.-lik Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km.-lik hissəsi yenidən qurulacaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmiryol təkərlərinin Avropa standartlarına uyğun təkərlərlə əvəz edilməsi üzrə məntəqələrin tikilməsi də planlaşdırılır.
Bundan əvvəl Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun verdiyi məlumata görə, tikinti işlərinin 2012-ci ilin birinci yarısında başa çatdırılması planlaşdırılıb.
Dəhlizin yüksək buraxılış qabiliyyəti 17 milyon ton yük təşkil edəcək. İlkin mərhələdə bu göstərici 1 milyon sərnişin və 6,5 milyon ton yük olacaq.