Azərbaycan, Bakı, 4 iyul /Trend/
2012-ci il ərzində neftin qiymətlərinin yüksək səviyyədə saxlanacağı şəraitdə PSA sazişləri çərçivəsində əlavə gəlirlərin gözlənilməsi ilə bağlı Azərbaycan Prezidenti Dövlət Neft Fondunun (ARDNF) büdcəsində düzəlişlərin edilməsi barədə fərman imzalayıb. Trend-in məlumatına görə, bu barədə fondun çərşənbə günü yaydığı məlumatda deyilir.
"ARDNF-nin gəlirlərinin dəqiqləşdirilməsinə ehtiyac, həmçinin 2012-ci il üçün dövlət büdcəsində edilən düzəlişlərlə bağlıdır", - məlumatda deyilir.
Fərmana əsasən, dövlətin payına düşən karbohidrogenlərin satışından gəlirlər daha əvvəl nəzərdə tutulmuş 10 365 432 min manata qarşı 13 388 644 min manat səviyyəsində proqnozlaşdırılır. Bunun nəticəsində ARDNF-nin ümumi gəlirləri 10 697 030,6 min manatdan 13 721 815,2 min manata qədər artırılır. Fondun büdcəsinə, həmçinin imzalanmış neft-qaz sazişləri çərçivəsində investorlar tərəfindən bonusların ödənişi ilə əlaqədar 1 572,6 min manat məbləğində gəlir maddəsi əlavə edilib.
ARDNF 1999-cu ildə yaradılıb və həmin dövrdə onun aktivləri 271 milyon dollar təşkil edib.