Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp nüvə gücləri ilə yaxşı münasibətlərin saxlanmasının əhəmiyyətini önə çıxarıb.
Trend xəbər verir ki, Tramp bu mövqeyini The Daily Caller qəzetinə verdiyi müsahibədə açıqlayıb.
Müsahibə zamanı ona 600 min çinli tələbənin iki il müddətinə ABŞ universitetlərində təhsil almasına icazə vermək qərarının səbəbləri soruşulub: bu addım ABŞ-yə fayda gətirir, yoxsa Pekinlə danışıqlar taktikasının bir hissəsi idi. Tramp isə Çin prezidenti Si Tsinpinlə “çox yaxşı münasibət”ə malik olduğunu bildirib və çinli tələbələrin qəbul edilməməsinin “sistemə zərər verəcəyini” qeyd edib. “Məncə, bir ölkəyə onun liderlərinə tələbələrini qəbul etməyəcəyinizi söyləmək çox təhqiramizdir”, – deyə o əlavə edib.
ABŞ prezidenti həmçinin qeyd edib ki, çinli tələbələrin ABŞ-də təhsil almasına icazə verilməsinə görə Pekindən heç bir əvəz gözləmir. “Xeyr, əvəzində heç nə istəmirəm. Biz yaxşı gedirik, bizə milyardlarla dollar ödəyirlər”, – Tramp deyib.
O, ölkələrlə, xüsusən də nüvə gücləri ilə anlaşmanın əhəmiyyətini vurğulayıb və 2020-ci il prezident seçkilərindən sonra administrasiyanın başında olsaydı, Ukraynadakı münaqişənin qarşısını almaq mümkün olacağını bir daha bəyan edib.