Bakı. Trend:
Əfqanıstanda Pakistanla sərhəd yaxınlığında baş vermiş dağıdıcı zəlzələdən ölənlərin sayı 800 nəfərə çatıb, 2500-ə yaxın insan yaralanıb.
Bu barədə Trend Pakistan KİV-ə istinadən xəbər verir.
xxx
11:29
Əfqanıstanın şərq bölgəsində, Pakistanla sərhəddə baş vermiş 6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 610 nəfəri ötüb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Azı 1300 nəfərin yaralandığı bildirilir.
Zəlzələ ən çox Kunar əyalətinə ziyan vuraraq çox sayda kənd və qəsəbələrdə irimiqyaslı dağıntılara yol açıb.
xxx
08:46
Əfqanıstanda baş verən zəlzələ nəticəsində azı 250 nəfər ölüb, 500-dən çox insan yaralanıb.
Trend xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
ABŞ Geoloji Xidmətinin məlumatına görə, təkanlar yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın, Cəlalabad şəhərindən təxminən 20 km məsafədə qeydə alınıb. Zəlzələnin maqnitudası 6, ocağı isə təxminən 8 km dərinlikdə yerləşib.
“Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərərçəkmiş bölgələrdə əhaliyə yardım üçün səfərbər etmişik”, – ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman bildirib.
XXX
08:10
Əfqanıstanın şərqində, Pakistanla sərhəddə 6 bal gücündə zəlzələ baş verib.
Trend BBC-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 20 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Bununla belə, ABŞ Geoloji Xidməti “ölənlərin sayı yüzlərlə ola bilər” ehtimalını irəli sürüb.
Zəlzələ sentyabrın 1-nə keçən gecə, yerli vaxtla saat 23:47-də qeydə alınıb. Episentr Əfqanıstanın paytaxtı Kabildən təxminən 200 km, Pakistanın paytaxtı İslamabaddan isə 400 km məsafədə, 8 km dərinlikdə yerləşib.
Əsas təkandan sonra maqnitudası 4,5–5,2 olan üç yeraltı təkan da müşahidə edilib.
XXX
03:31
Əfqanıstanda 6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ Əsədabad şəhərindən 34 km cənub-qərbdə baş verib, ocağı isə Yerin 10 km dərinliyində yerləşib. Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib.
