...

Azərbaycan və Belarus arasında biznes forum çərçivəsində 4 sənəd imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2012 11:56 (UTC +04:00)
Minsk şəhərində "Azərbaycan: inkişaf və tərəqqi yolunda" tədbiri çərçivəsində Belarus-Azərbaycan biznes forumu keçirilib.
Azərbaycan və Belarus arasında biznes forum çərçivəsində 4 sənəd imzalanıb

Azərbaycan, Bakı, 22 dekabr /Trend/

Minsk şəhərində "Azərbaycan: inkişaf və tərəqqi yolunda" tədbiri çərçivəsində Belarus-Azərbaycan biznes forumu keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Belarus tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, tikinti, enerji, turizm və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.

Biznes forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin genişləndiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, Azərbaycanın investisiya ixrac edən ölkəyə çevrildiyini diqqətə çatdırıb, Belarus iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmağa və azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Səfərov çıxışında Azərbaycan və Belarus arasında mövcud iqtisadi əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə məlumat veri, əlaqələrin inkişafında biznes forum və işgüzar görüşlərin əhəmiyyətini qeyd edib.

Belarus iqtisadiyyat nazirinin müavini Anton Kudasov çıxışında ölkəsinin iqtisadiyyatı və Belarus-Azərbaycan iqtisadi əməkdaşlığı barədə danışıb.

AZPROMO-nun vitse-prezidenti Vidadi Quliyev isə çıxışında Azərbaycanın biznes və investisiya imkanlarına, AZPROMO-nun fəaliyyətinə dair məlumat verib.

Sonra Azərbaycanda sahibkarlığın inkişafına və ölkəmizin biznes imkanlarına dair təqdimatlar keçirilib.

Tədbir çərçivəsində AZPROMO ilə Belarusun 4 təşkilatı - Belarus İnvestisiyalar və Özəlləşdirmə Milli Agentliyi, Belarus Ticarət və Sənaye Palatası, Marketinq və Qiymətlərin Konyunkturası Milli Mərkəzi, Texnologiyaların Transferi Milli Mərkəzi arasında ayrı-ayrılıqda qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.

Tədbir iş adamları arasında iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam edib.

"Azərbaycan: inkişaf və tərəqqi yolunda" tədbiri çərçivəsində Minskin "Belexpo" Sərgi Mərkəzində Azərbaycan məhsullarının sərgisi təşkil edilib. AZPROMO-nun təşkilatçılığı ilə keçirilmiş sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsalı olan müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdirilib.

Sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti