...

Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə liderliyə, əməkdaşlığa və fəaliyyətə hazırdır - Muxtar Babayev

Yaşıl iqtisadiyyat Materials 13 Noyabr 2024 13:34 (UTC +04:00)
Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə liderliyə, əməkdaşlığa və fəaliyyətə hazırdır - Muxtar Babayev
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədə liderliyə, əməkdaşlığa və fəaliyyətə hazırdır.

Trend xəbər verir ki, bu barədə COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin müraciətində COP29 çərçivəsində keçirilən “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbirdə bildirilib.

"Ambisiyalarımızı fəaliyyətə, öhdəliklərimizi isə nailiyyətlərə çevirməliyik. Əminəm ki, Troyka rəhbərliyində biz hər kəs üçün dayanıqlı, ədalətli və qəbul edilə bilən bir gələcək qura bilərik. Azərbaycan liderliyə, əməkdaşlığa və fəal tədbirlərə hazırdır. COP28, COP29 və COP30 mənalı tədbirlər və uzunmüddətli təsirin simvoluna çevrilməsi üçün irəli getməyin vaxtı çatıb. Birlikdə qlobal istiləşməni 1,5 dərəcə Selsi səviyyəsində saxlaya bilərik, bu isə gələcək nəsillər üçün daha yaxşı gələcəyin əsası olan qlobal davamlılığı təmin edəcək", – müraciətdə bildirilir.

Müraciəti Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş müzakirəçisi Yalçın Rəfiyev oxuyub.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti