Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, İsrail Parlamentinin - Knessetin qondarma "erməni soyqırımı"nın müzakirəsi haqqında təklifin qəbul olunmasına dair qərarı əvvəlkilər kimi uğursuzluğa düçar olmuş cəhd idi. Bu barədə World Bulletin saytı "Anadolu" agentliyinə istinadən bildirib.
Nazirliyin rəsmi nümayəndəsi Burak Özügərgin həftəlik brifinqdə deyib ki, bundan əvvəl Knesset "erməni soyqırımı" məsələsinin müzakirəsini qərara almışdı və bu baş tutmadı. 1915-ci il hadisələrinin müzakirəsi barədə təklifi "Meres" Partiyasının deputatı Haym Oron irəli sürmüşdü.
İsrail Parlamentinin solçu partiyalar fraksiyasının islasında "erməni soyqırımı" məsələsinin müzakirəyə çıxarılması barədə qərar qəbul olunub. Səsvermədə 20 deputat iştirak edib. Onların on ikisi qərarın qəbulunun lehinə, səkkizi əleyhinə səs verib. Qərar parlamentin Xarici əlaqələr və müdafiə komitəsinə təqdim olunub. Özügərginin sözlərinə görə, Türkiyə "əvvəlkilər kimi, bu cəhdlərin də uğursuz olacağını" gözləyir.
"Təkcə İsrail Parlamentinin deyil, həmçinin Türkiyənin tarixin parlamentarilar tərəfindən müzakirəsi ilə bağlı münasibəti məlumdur. Yaxşı olardı ki, tarixi faktların araşdırılması ilə tarixçilər məşğul olsunlar", - Özügərgin açıqlama verib.
Ermənistan və erməni lobbisi iddia edir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.
Mayın 2-də Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Firudin Sinirlioğlu İsraildə siyasi məsləhətləşmələr aparacaq və Türkiyə-İsrail münasibətlərini müzakirə edəcək. İsrail Silahlı Qüvvələrinin ötən qış Qəzza bölgəsində hərbi əməliyyatlarından sonra iki ölkə arasında münasibətlər pozulub.
Sinirlioğlu, həmçinin Fələstin-İsrail danışıqlarının bərpası yollarını, Suriya və İsrail arasında barışıqla bağlı birbaşa olmayan dialoqda Türkiyənin təkrar vasitəçilyini müzakirə edəcək.
İsrail və Türkiyə arasında son siyasi məsləhətləşmələr yanvarda Ankarada İsrail XİN-in müşaviri Yossi Qalın iştirakı ilə keçirilib.