Bakı. Trend:
Günəşdə “M” güc sinfində olan yeni partlayış qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
“9 iyul 07:25 (Bakı vaxtı ilə 08:25)-də Rentgen diapazonunda M1,3 gücündə 28 dəqiqə davam etmiş partlayış qeydə alınıb”, - deyə məlumatda qeyd olunur.
Qeyd edək ki, ötən gün (iyulun 8-də) Günəşdə bu ay ərzində ilk M güc sinfindən olan partlayışın baş verdiyi barədə xəbər yayılmışdı.
İnstitutun alimlərinin bildirdiyinə görə, iki gün ərzində baş vermiş partlayışların Yerə heç bir təsiri olmayacaq.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinifə bölünür: A, B, C, M və X. Minimal A0.0 sinfi Yer orbitində kvadratmetr başına 10 nanovatlıq şüalanma gücünə uyğundur. Növbəti hərfə keçdikdə güc 10 dəfə artır.