...

Təhsil Nazirliyi hökumətə kadr hazırlığı ilə bağlı yeni təkliflər təqdim edəcək

Cəmiyyət Materials 26 Dekabr 2017 11:51 (UTC +04:00)
Təhsil Nazirliyi 2018-2019-cu tədris ilində ali, orta ixtisas və peşə təhsili sistemində texnoloji sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.
Təhsil Nazirliyi hökumətə kadr hazırlığı ilə bağlı yeni təkliflər təqdim edəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi (TN) 2018-2019-cu tədris ilində ali, orta ixtisas və peşə təhsili sistemində texnoloji sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.

Trend-in məlumatına görə, bunu təhsil naziri əvəzi Ceyhun Bayramov "Elektron təhsil" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

O bildirib ki, həm peşə, həm orta ixtisas, həm də ali təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin görülməsi məqsədilə TN-də işçi qrupu yaradılıb: "Artıq 2018-2019-cu tədris ilində bu sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək. Əminəm ki, Nazirlər Kabineti də buna müsbət rəy verəcək".

C.Bayramov bildirib ki, bilik iqtisadiyyatı ölkələrin inkişafını şərtləndirən amillərdəndir.

Hazırki dövrdə iqtisadiyyatın inkişafı üçün hazırlıqlı gənclərin hazırlanmasının çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan nazir müavini əlavə edib ki, İKT biliklərinin şagirdlərə verilməsi, eyni zamanda, istedadlı uşaqların aşkarlanması üçün bir çox layihələr həyata keçirilir: "Son illər ərzində dünya fənn olimpiadalarına hazırlıq məqsədilə Fənn Olimpiadalarına Hazırlıq mərkəzləri yaradılıb. Yalnız bu il ərzində 30 mindən çox şagird fənn olimpiadalarının seçim turunda iştirak edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti