...

Tbilisidə Qarabağ xalçalarından ibarət sərgi təşkil olunub (FOTO)

Cəmiyyət Materials 9 Noyabr 2021 17:30 (UTC +04:00)
Tbilisidə Qarabağ xalçalarından ibarət sərgi təşkil olunub (FOTO)

Bakı. Trend:

Gürcüstanın Milli Parlament Kitabxanasının zalında 8 Noyabr – Zəfər Günü münasibətilə Qarabağ xalçalarından ibarət sərgi təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbənin - Zəfər Gününün ildönümünə həsr olunan sərgidə şəxsi kolleksiyalarda saxlanılan, Qarabağın müxtəlif bölgələrinin mədəniyyətini, əsrarəngiz təbiətini əks etdirən 20-dən artıq xalça nümayiş etdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan sərginin açılışında komitənin əməkdaşları, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, gürcü və azərbaycanlı mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İlk olaraq Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin əməkdaşı Leyla Əliyeva açıb və sərginin Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirildiyini bildirib.
Səfir Faiq Quliyev çıxışında Azərbaycan-Gürcüstan dostluğundan, iki dost və qonşu dövlət arasındakı mədəni əlaqələrdən söz açıb, 44 günlük Vətən müharibəsi dövründə Gürcüstan hökumətinin və soydaşlarımızın ölkəmizə dəstək göstərdiyini xüsusilə vurğulayıb.

Sonda Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin kollektivinin, eləcə də Azərbaycanın və Gürcüstanın tanınmış müğənnilərinin ifasında Qarabağa həsr olunmuş nəğmələr və xalq mahnıları təqdim olunub, milli rəqslər ifa edilib.

Tədbir Gürcüstan mediada işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti