...

Uşaqlarda öskürək zamanı həkimlər niyə inhalyasiyanı məsləhət görür?

Cəmiyyət Materials 21 Fevral 2025 04:00 (UTC +04:00)
Uşaqlarda öskürək zamanı həkimlər niyə inhalyasiyanı məsləhət görür?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Soyuq havalar başlayan kimi viruslar böyüklü-kiçikli hər kəsi təngə gətirir. Virus olan yerdə isə öskürəyi düşünməmək mümkün deyil. Öskürək bir-birindən fərqli formada qripi müşayiət edir. Əvvəllər yaşlı nəsil deyərdi ki, öskürəyin keçmirsə, heyva ağacının yarpaqlarından çay dəmləyin, kəsəcək. İnanandan sonra elə kəsirdi də. Daha sonra heyva yarpaqları öz növbəsini öskürəyə qarşı olan siroplara verdi. Hər kəsin soyuducusunda, demək olar ki, fərqli tərkibdə olan öskürək dərmanları yer aldı. Son zamanlar isə həkimlərdən mütəmadi olaraq inhalyasiya sözünü eşidirik. Elə valideynlər də uşağın öskürəyinə qarşı inhalyasiyaya üstünlük verməyə başlayıblar.

Bəs inhalyasiya nə deməkdir, faydaları, nələrdir, həkimlər niyə məsləhət görür?

Mövzu ilə bağlı Trend-ə danışan pediatr Aytən İsmayılzadə bildirib ki, inhalyasiya müəyyən dərmanların buxar vasitəsilə nəfəs yollarına ötürülməsi üsuludur.

“İnhalyasiya heç bir asılılıq yaratmır. İnhalyasiyaya göstəriş yuxarı tənəffüs yollarının spastik ödemli vəziyyətləridir. İnaq vəziyyəti, bronxial astma vəziyyətlərində biz inhalyasiya üsulu ilə lazım olan dərmanlarla, hansı ki, hormon tərkibli və ya spazm götürmək yönündə olan dərmanlarla bronx divarlarına təsir edirik.

Bu zaman ödem azalır, fizioloji məhlul buxarı ilə bəlğəmin durulaşması baş verir. İnhalyasiyanı körpə uşaqlarda da icra etmək olar. Məsələn, biz körpə uşaqlara bəlğəmgətirici verə bilmirik, amma bəlğəmin durulaşması, sulanması və bronx divarlarından bədənə sorulmasına kömək etmək məqsədilə inhalyasiya təyin edilə bilər”.

Həkim qeyd edib ki, inhaliyasiyaya əks göstəriş olan proseslər də var.

“Əgər uşağın boğazında irinli proseslər varsa, istifadə edilən dərmanlara qarşı qıcıq reaksiyası varsa, biz inhaliyasiya təyin etmirik. Digər hallarda təyin edilir. Xüsusi bir əksgöstəriş halı yoxdur. Tutma şəkilli öskürəklərdə inhalyasiya ilə həmin hormonal, bronx genişləndirici dərmanların tənəffüs yollarına ötürülməsi kömək edir. İnhalyasiya prosesini uzun zaman etmək olmaz.

Ona görə ki, hormonal preparatların təsirindən ağızda, boğazda, nəfəs yollarında kandidoz inkişaf edə bilər. Çünki həmin dərmanlar yerli immuniteti zəiflədə bilər və orada göbələk infeksiyası arta bilər. Eyni zamanda, inhalyasiya hər zaman öskürəyə kömək edəcək deyə bir şey yoxdur. Bronxiolitlər zamanı, dərin nayihələrdə spazmlar olduqda, göyöskürək, göyöskürəyə bənzər xəstəliklərin tutmalarında inhalyasiya kömək etmir. İnhalyasiya hər bir halda kömək edir deyib vaxt itirə bilmərik. Diaqnoz qoyulmalıdır və doğru təyinat aparılmalıdır. Bu istər uşalara, istərsə də böyüklərə aiddir”, - deyə o əlavə edib.

Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti, farmakoloq Aydın ƏliyevTrend-ə bildirib ki, inhalyasiya müəyyən aparatlarla dərmanların tam dozalanmış, həkimin məsləhət gördüyü şəkildə tənəffüs yollarının istənilən yerlərinə çatdırılmasıdır.

“Biri var ki, ağız, burun boşluqlarını yaxalamaq, bu zaman dəqiq dozalanma olmur. İnhalyasiya zamanı həm dəqiq dozanı təyin etmək olur, həm dərman dəqiq ünvana gedib çatır, həm də əlavə risklər azalır. Çünki dəqiq dozasını, yerini bilirik, ona görə də əlavə risklər, dərmanın əlavə təsirləri bu zaman çox az olur. Hətta əlavə təsirləri olmur belə demək olar. İnhalyatorlar da uşaqlar üçün ayrı, böyüklər üçün ayrı olur.

İnhalyasiyadan istifadə müddəti də xəstəlik və dərmandan asılıdır. Ən əsas üstünlüyü odur ki, inhalyasiya zamanı dəqiq doza nəfəs yollarının istənilən nahiyəsinə risksiz çatdırılır və dərmanların əlavə təsirləri olmur. Bu zaman dərmanın yolda parçalanması, qaraciyərə getməsi kimi hallar qeyd edilmir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti