...

Əlcəzair kiçik və orta biznesə dəstək yanaşmasında aktiv islahatlar aparır - Nazir

İqtisadiyyat Materials 19 May 2025 18:13 (UTC +04:00)
Əlcəzair kiçik və orta biznesə dəstək yanaşmasında aktiv islahatlar aparır - Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

Əlcəzair rəqəmsal həllərə və innovasiyalara üstünlük verməklə kiçik və orta biznesə (KOB) dəstək mexanizmlərində fəal şəkildə islahatlar aparır.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Əlcəzairin iqtisadi biliklər, startaplar və mikrosahibkarlıq üzrə naziri Nurəddin Uada İslam İnkişaf Bankının İllik Toplantısı çərçivəsində Əlcəzairdə keçirilən “KOB imkanlarının genişləndirilməsi və sosial-iqtisadi inkişafa vasitəçilik üçün rəqəmsal həllər” mövzulu panel müzakirələrində çıxış zamanı deyib.

N.Uadanın sözlərinə görə, Əlcəzair onilliklər ərzində KOB sektoruna milyardlarla dollar sərmayə qoysa da, 2020-ci ilə gəldikdə bu müəssisələrin əhəmiyyətli hissəsinin rəqəmsal iqtisadiyyatdan kənarda qaldığı aydın olub.

“Bundan əlavə, biz gördük ki, KOB təsisçilərinin cəmi 20 faizdən də azı universitet məzunudur. Bu, yanaşmalarımızı təkrar nəzərdən keçirmək zərurəti yaratdı”, – deyə o qeyd edib.

Məhz bu məqsədlə 2020-ci ildə ölkədə startaplar və rəqəmsal iqtisadiyyat məsələləri üzrə ixtisaslaşmış nazirlik yaradılıb; bu struktur mövcud ənənəvi KOB dəstək sistemini tamamlamalıdır.

“Əgər rəqəmsal KOB inkişaf etdirmək istəyirsinizsə, əvvəlcə özünüz rəqəmsallaşmalısınız. Dövlət rəqəmsal olmalıdır. Biz Əlcəzairdə məhz bunu etdik”, – deyə nazir vurğulayıb.

Nazir, həmçinin, startap ekosisteminin əsas hədəf auditoriyası olan gənclərin artıq rəqəmsal texnologiyalardan fəal istifadə etdiklərinə diqqət çəkib:

“Bu gün Əlcəzairdə 4G dəstəkləyən smartfonların sayı əhalinin sayını üstələyir. Rəqəmsallıq xüsusən gənclər arasında gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib”.

İnnovasiya sektorunu səmərəli dəstəkləmək məqsədilə 2020-ci ilin oktyabrında “Algerian Startup Firm” adlı rəqəmsal platforma istifadəyə verilib, həmçinin, pay iştiraklı vençur fondu yaradılıb. Nazir qeyd edib ki, bu model qeyri-sabit biznes modelləri və ən yeni texnologiyalardan istifadə edən startaplarla işləmək üçün daha səmərəlidir.

“Hüquqi bazamız rəqəmsal idi, maliyyələşdirmə prosesi rəqəmsal idi və digər bütün dəstək mexanizmləri də gənc nəslin tələblərinə cavab vermək üçün rəqəmsal olmalıdır”, – deyə Nurəddin Uada bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti