...

Oğuz-Qəbələ-Bakı boru kəməri ilə verilən su ÜST-nin tələblərinə tam uyğun gəlir - "Azərsu" rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2010 14:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Çərşənbə axşamı istismara verilən Oğuz-Qəbələ-Bakı su kəməri Bakı şəhərinin içməli suya olan tələbatını ödəməyə imkan verir. Bu barədə "Azərsu" Səhmdar Cəmiyyətinin rəhbəri Nizaməddin Rzayev boru kəmərinin açılışında bildirib.

"Əminliklə deyə bilərik ki, ölkəmizdə həyata keçirilən digər nəhəng layihələr kimi Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi də xalqımızn həyatında tarixi əhəmiyyətə malik hadisələrdən biridir. Qarşıdakı illərdə adamlar təmiz, şəffaf, keyfiyyətli sudan bol-bol istifadə edəcəklər", - Rzayev bildirib. Onun çıxışı rəsmi mətbuatda dərc olunub.

Bakı şəhəri su ilə dörd mənbədən təmin olunur. Ümumilikdə, hazırda paytaxta saniyədə 10,2 kubmetr su verilir. Su şəbəkəsindən uzunmüddətli istifadə, mövcud şəbəkənin inkişaf etməkdə olan şəhərin sürətlə artan əhalisinin tələbatını ödəməməsi, binaların zirzəmilərindəki su xətlərinin istismar müddətinin başa çatması və digər səbəblər üzündən şəhərin su təchizatında problemlər yaranmışdı. Bu səbəbdən şəhər əhalisinin yalnız 40 faizə yaxını fasiləsiz, 60 faizi isə qrafiklə içməli su ilə təmin olunurdu.

Rzayevin dediyi kimi, Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta verilən suyun qəbulu və paylanması üçün Bakıya 250 kilomert uzunluğunda su kəməri çəkilib, 15 nasos stansiyası, 70 min kubmetrlik su anbarı tikilib, ümumi həcmi 100 min kubmetr olan mövcud su anbarı yenidən qurulub, 310 kilometrdən artıq kanalizasiya xətti çəkilib.

"Texniki tələblərə uyğun olaraq, su kəməri fevralda tam layihə gücü ilə fəaliyyətə başlayacaq və ümumilikdə, Bakıya saniyədə 15,2 kubmetr su veriləcək. Son illər görülən yenidənqurma işləri nəticəsində şəhər əhalisinin bir hissəsinin fasiləsiz su ilə təchiz olunması 40 faizdən 75 faizədək artırılacaq. Eyni zamanda əhalinin suyu qrafiklə alan hissəsi 60 fazidən 25 faizədək azalacaq, qrafiklərdəki vaxt isə 2 dəfədən artıq artırılacaq", - "Azərsu" rəhbəri bildirib.

Onun sözlərinə görə, su kəmərinin tikintisi layihəsini şərti olaraq iki hissəyə bölmək olar: magistral su kəməri və suburaxıcı qurğular kompleksi. Magistral su kəmərinin uzunluğu 262 kilometr, diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə beş kubmetrdir. Su kəməri səkkiz rayonun ərazisindən keçir. Kəmərin çay və yol keçidləri nəzərə alınmaqla, təzyiqi 20 atmosferdən artıq olan 55 kilometrlik hissəsi polad borulardan çəkilib.

Su kəmərinin kənarı ilə 25 metr enində sanitar-mühafizə zonası yaradılıb. Su kəməri 10 yerdə çayların altından, çay məcrasından 8-10 metr dərinlikdən keçir, iki yerdə dayaqlarla çay məcrası üzərindən, səkkiz yerdə avtomobil yolu üzərindən keçir, iki yerdə isə dəmir yolu ilə kəsişir. Çay keçidlərində boru kəməri dəmir-beton "köynəklə" müdafiə olunub. Kəmərin normal istismarı üçün müxtəlif ölçmə avadanlıqları və qurğularından istifadə olunmaqla SCADA idarəetmə sistemi yaradılıb. SCADA sistemi vasitəsilə su kəmərinin hidravlik iş rejimi nəzarət altında saxlanılacaq, quyular da daxil olmaqla su kəmərində baş verə biləcək sızmanın yeri və həcmi müəyyən ediləcək. Suburaxıcı qurğular kompleksi 25 kilometrədək ərazini əhatə edir. Bu ərazidə iki cərgə 100 istismar və 20 müşahidə quyusu qazılıb, "Azərsu" sədri bildirib.

Rzayevin qeyd etdiyi kimi, ilkin texniki-iqtisadi əsaslandırmaya uyğun olaraq, diametri 350 millimetr olan çürüməyən polad borulardan 150 metr dərinliyində quyular qazılıb, nasosların köməyilə hər bir quyudan su yığımı saniyədə 50 litr su təşkil edir. Dəqiqləşdirilmiş layihəyə uyğun olaraq, quyular 170 metrədək dərinlikdə qazılıb və hər quyudan saniyədə 70-120 litr su toplanır. Quyudan çıxan suyun toplanması üçün ümumi uzunluğu 70 kilometr olan suyığımı şəbəkəsi tikilib. Quyulardan çıxan sular bu şəbəkə ilə su kəməri magistralının başlanğıcında tikilən suqəbulu kamerasına toplanır, xlorlanır və hər biri 10 min kubmetr həcmində olan iki su anbarına , oradan isə magistral su kəmərinə verilir.

Qazılan quyuların birindən su öz-özünə, digərlərindən isə nasoslar vasitəsilə çıxarılır. Nasosların işləməsi üçün 6 MVt gücündə elektrik enerjisi tələb olunur. Bu gərginlikdə elektrik enerjisinin təmin olunması üçün 110/35/10-kilovoltluq elektrik altstansiyası tikilib. Bu altstansiyaların qidalanması üçün isə iki mənbədən ümumi uzunluği 72 kilometr olan yüksəkgərginlikli (110 kilovoltluq) elektrik ötürücüsü xətti çəkilib.

"Quyularla yanaşı, bu altstansiya regiondakı yaşayış məntəqələrini elektirk enerjisi ilə təmin etməyə imkan verir", - Rzayev qeyd edib.

Su kəmərinin daha mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, quyulardan çıxan sular bir yerdə toplanır və Bakıya öz-özünə axınla daxil olur.

Kür su kəməri ilə müqayisədə Oğuz-Qəbələ-Bakı su kəmərinin enerji məsrəfləri demək olar, yeddi dəfə azdır. Quyular sahəsi üçün 300 metr enində sanitar-mühafizə zonası yaradılıb.

"Oğuz-Qəbələ-Bakı su kəməri ilə verilən suyun keyfiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bütün tələblərinə tam cavab verir və dünyanın bir sıra iri şəhərlərində verilən suyun keyfiyyət göstəricilərini üstələyir", - "Azərsu" rəhbəri bildirib.

Onun sözlərinə görə, bu su kəmərinin tikintisi zamanı ümumilikdə, diametri 2000 millimetr olan 285 kilometrdən artıq, diametri 300-1600 millimetr olan 65 kilometrdən artıq borudan istifadə olunub, 15 milyon kubmetrdən artıq torpaq işi həyata keçirilib, 7 milyon kubmetrdən artıq boruların kənarlarının topraqlanması üçün qum-çınqıl işləri görülüb və mindən çox müxtəlif diametrli sürgü quraşdırlıb.

Xəbər lenti

Xəbər lenti