Bakı. Trend:
ABŞ-nin San-Fransisko şəhərində yerləşən Kaliforniya Universitetindən olan tədqiqatçılar uzun illər müalicəsinin olmadığı düşünülən Parkinson xəstəliyinə qarşı potensial əlac tapıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Kaliforniya Universitetinin (San-Fransisko) tədqiqatçıları bildirirlər ki, halusinoqen təsirli “psilosibin” maddəsindən ( “sehrli göbələklər”də rast gəlinən birləşmədən) istifadə degenerativ hərəkət pozuntusu olan xəstələrdə əhval-ruhiyyəni, idrak və motor funksiyalarını yaxşılaşdıra bilər.
“Biz hələ bu işin çox erkən mərhələsindəyik, amma ilkin tədqiqat gözlədiyimizdən də uğurlu oldu,” – Universitetin Translyasiya Psixodelik Tədqiqat Proqramının direktor müavini, dosent tibb elmləri doktoru Ellen Bredli bildirib.
Parkinson Alzheimer xəstəliyindən sonra ikinci ən geniş yayılmış neyrodegenerativ xəstəlik sayılır. Belə xəstələrin sayı ən çox Çin, Hindistan, ABŞ, Yaponiya və Rusiyada qeydə alınıb. Bu xəstəlik beyindəki dopamin istehsal edən neyronların tədricən məhv olması nəticəsində yaranan, titrəmə, hərəkətin ləngiməsi, əzələ sərtliyi və tarazlıq pozğunluğu ilə xarakterizə olunan xroniki, proqressiv neyrodegenerativ pozuntudur. Adətən 60 yaşdan yuxarı şəxslərdə müşahidə olunur, lakin daha erkən yaşlarda da baş verə bilər.