...

İran region dövlətləri arasında normal münasibətlərin yaranması üçün əlindən gələni etmək istəyir - İranın Azərbaycandakı səfiri

Siyasət Materials 4 Oktyabr 2008 01:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 oktyabr / Trend müxbir İ.Əlizadə/ Rəsmi Tehran ümid edir ki, yaxın vaxtlarda Azərbaycanla Ermənistan İran tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı vasitəçilik təşəbbüsünə dair fikirlərini açıqlayacaqlar. Bu barədə Trend -a İranın Bakıdakı səfiri Nasir Həmidi Zare məlumat verib. "Bu regionda müəyyən proseslər gedir. İran da bu bölgənin dövlətidir və ona görə də təbii ki, onu və digər qonşu ölkələri yaranmış vəziyyətdən çıxış yolları maraqlandırır. Bu üzdən də Tehran Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycanla Ermənistan arasında vasitəçilik etmək təşəbbüsü ilə çıxış edib və münaqişə tərəfləri ilə müvafiq müzakirələr aparıb", - deyə o bildirib.

Trend - un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992 -1993 - cü illərdə isə, Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994 - cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir.

Zare qeyd edib ki, İran region dövlətləri arasında normal münasibətlərin yaranması üçün əlindən gələni etmək istəyir. "İstəyirik ki, regiondakı xalqların mənafelərinə cavab verən dəyişikliklər üçün əsas yaransın. Müəyyən potensiala malik hər bir ölkə arzu edir ki, bu məqsədlərə çatmaq üçün əlindən gələni etsin. Tehran da bu istiqamətdə addımlar atmaq niyyətindədir. İran regiondakı dövlətlər və xalqlar arasında normal münasibətlərin yaranması və onların ortaq məxrəcə gəlməsi üçün əlindən gələni etmək istəyir", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti