Bakı. Trend:
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti fermer və sahibkarlar arasında məlumatlandırma kampaniyasına başlayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, kampaniyanın məqsədi kənd təsərrüfatı sahəsində dəyər zəncirlərinin yaradılması üzrə qrant layihələrinin hazırlanması üçün fermer və sahibkarları məlumatlandırmaqdır. Aqrobiznes dəyər zənciri layihələrinə qrantlar Dövlət Xidmətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində maliyyələşdirilir.
Bütün ölkəni əhatə edəcək kampaniya çərçivəsində layihənin əməkdaşları artıq Qəbələ, İsmayıllı, Qax, Şamaxı, Goranboy, Göygöldə fermer və sahibkarlarla görüşüb, onlara qrantlar ayrılması üçün layihələrinin seçim meyarları barədə ətraflı məlumat veriblər.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib: "Biz bu layihə çərçivəsində 20-dək aqrobiznes dəyər zənciri layihəsinə qrant ayırmağı nəzərdə tutmuşuq. Məlumatlandırmanın birinci mərhələsindən keçən dövrdə təqdim edilmiş layihələri dəyərləndirdik və meyarlara cavab verənləri seçdik. Artıq 5 layihəyə görə müqavilə imzalamışıq. Bir neçə layihə də təsdiqlənmə ərəfəsindədir. Biz bu layihəni həyata keçirməklə kənd təsərrüfatı məhsulları istehsalında möhkəm, qırılmaz dəyər zəncirlərinin iqtisadiyyatda nümunə ola biləcək pilot modellərini hazırlamaq istəyirik. Sayın məhdud olması da məhz bununla bağlıdır”.
Dəyər zəncirləri üzrə layihələrin seçimi zamanı üstünlük verilən meyarlara aydınlıq gətirən M.Əliyev əsas cəhət kimi istehsalda innovativlik tələbinin qoyulduğunu deyib: “Bundan başqa, qrantdan bir adamın deyil, dəyər zəncirinin bütün üzvlərinin faydalanması nəzərdə tutulduğundan, layihənin tərəfdaşlıq üzərində qurulması, səmərəlilik vəd etməsi, rəqabətqabiliyyətli ixrac potensiallı məhsul istehsal etməsi və idxalı əvəzləməsi dəyər zənciri layihəsini qiymətləndirmə zamanı vacib məqamlardır”.