Bakı. Trend:
COP29 çərçivəsində iqlim maliyyələşdirməsinin illik 250 milyard dollara çatdırılması təklif edilir.
Trend xəbər verir ki, bu barədə COP29 sədrliyinin bəyanatında deyilir.
"İl boyu COP29 sədrliyi inkişaf etməkdə olan ölkələrin tərəf dövlətlər olaraq ehtiyaclarını və prioritetlərini nəzərə alaraq, ədalətli və iddialı yeni iqlim maliyyələşməsi hədəfinə nail olmağa çalışıb. Biz geniş və inklüziv məsləhətləşmə prosesi keçirdik və bu proses səhər saatlarına qədər davam edib.
Dünən səhər dərc etdiyimiz mətnlər paketinə bütün qrupların reaksiya verməsi üçün imkan yaratdıq və onların konstruktiv iştirakına görə təşəkkür edirik. Məsləhətləşmələr zamanı ifadə olunan fikirləri və dünən keçirilən Qurultayda Tərəflərdən eşitdiklərimizi nəzərə alaraq, yenilənmiş mətnlər hazırladıq.
Bu mətnlər COP29 üçün balanslaşdırılmış və optimallaşdırılmış bir paket təşkil edir. COP29 sədrliyi Tərəfləri bu mətni diqqətlə araşdırmağa və qalan bir neçə variant üzrə konsensus əldə etmək yolunda irəliləməyə çağırır", — deyə bəyanatda bildirilir.
Bəyanata əsasən, Tərəflərin təkliflərinin ilkin nəzərə alınması çərçivəsində Yeni Kollektiv Kəmiyyət Hədəfi üzrə qərar inkişaf etməkdə olan ölkələr üçün bütün dövlət və özəl mənbələrdən iqlim tədbirləri üçün maliyyələşmənin 2035-ci ilə qədər illik ən azı 1,3 trilyon ABŞ dollarına çatdırılması üçün birgə işə çağırır.
"Bundan əlavə, inkişaf etmiş ölkələrin təkliflərini nəzərə alaraq, qərar inkişaf etməkdə olan ölkələrdə iqlim təşəbbüslərini dəstəkləmək üçün hazırda inkişaf etmiş ölkələrin iştirakı ilə səfərbər edilən illik 100 milyard ABŞ dollarından 2035-ci ilə qədər minimum 250 milyard ABŞ dollarına qədər artım nəzərdə tutur.
Biz Tərəflərlə sıx əməkdaşlıq edərək, hələ həll edilməmiş bir neçə vacib məsələ üzrə son düzəlişlər üçün kollektiv razılaşmaya nail olmaq üzərində işləməyə davam edəcəyik. Məqsədimiz bütün Tərəfləri maksimum iddialı nəticəyə nail olmağa motivasiya etmək üçün inklüzivlik və şəffaflığı qoruyaraq, yorulmadan çalışmaqdır", — deyə bəyanatda vurğulanır.