Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz COP29-un Yaponiyadan olan iştirakçısı Yoşihiro Savadadır.
Müsahibimiz Trend-ə bildirib ki, Yaponiyanın təqdim etdiyi yeni texnologiyaların narahatlıq doğuran qlobal temperatur artımının azaldılmasına kömək edəcəyini ümid edirlər.
O, COP29-dan çox təsirləndiyini, konfransın əla təşkil olunduğunu bildirib:
"Burada şərait çox əladır. Texnoji ideyalarımızı bir çox insana ötürə bilmə fürsəti əldə etmişik. Eynilə də digər ölkələr burada öz ideyalarını müxtəlif ölkələrdən olan nümayəndə heyətilə bölüşürlər. Bütün bunlar iqlim dəyişikliyi ilə mübarizə şəraitində olduqca vacib amillərdir. Yeni ideyaların bölüşdürülməsi və yeni texnogiyların nümayişi işlərimizi daha da asanlaşdıra bilər. Ümid edirəm ki, Yaponiyanın təqdim etdiyi yeni texnologiyalar narahatlıq doğuran qlobal temperatur artımının azaldılmasına kömək edəcək".
"Vaxtımız kifayət qədər çox olmadığından Bakını gəzmək fürsətim olmayıb. Yalnız yerləşdiyimiz hotel və COP məkanında olmuşam. Amma şəhərətrafı əraziləri də görməyi çox istərdim. COP29 keçirildiyi məkanda Azərbaycan pavilyonunda çay və paxlavanı daddım. Çox bəyəndim. Mətbəxiniz zəngin və ləzizdir", - deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.