Bakı. Trend:
Bakıda keçirilən COP29 iqlim sammitində İsveçin “Malmö” futbol klubu “Football Clubs Alliance for Climate” adlı yeni iqlim alyansına qoşulub. Bu təşəbbüs Avropanın aparıcı futbol komandalarını iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə bir araya gətirir.
Trend xəbər verir ki, Avropa Klublar Assosiasiyasının (ECA) Direktorlar Şurasının üzvü, “Malmö” klubunun baş direktoru Niklas Karlnen bildirib ki, bu alyans vasitəsilə klub “Sports for Climate Action Framework” proqramına qoşularaq futbol klublarını qlobal iqlim təşəbbüslərinə töhfə verməyə təşviq edir.
Sammit çərçivəsində ECA, Azərbaycan “Qarabağ” FK və COP29-un təşkilatçılığı ilə keçirilən konfransda “Liverpul”, “Atletiko Madrid” və “Portu” kimi tanınmış klublar da iştirak edib. Tədbir futbolun ekoloji problemlərin həllində necə nümunə ola biləcəyini nümayiş etdirib.
ECA-nın baş direktoru Çarli Marşall çıxışında vurğulayıb:
"COP29-da iqlim böhranına qarşı mübarizədə fəal iştirak edəcəyimizi
öhdəmizə götürürük. Davamlı inkişaf strategiyamız çərçivəsində,
2030-cu ilə qədər karbon dioksid emissiyalarını 30 faiz azaltmağı
hədəfləyirik."