Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə Türkiyəyə səfər edib.
Trend xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
Nazir 22 noyabr tarixində İstanbul şəhərində keçiriləcək 1-ci “İstanbul Enerji Forumu”nda təmsil olunacaq.
Forum çərçivəsində energetika nazirinin “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” sessiyasında müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, noyabrın 22-də İstanbul Enerji Forumu keçiriləcək.
Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin himayəsi ilə Anadolu Agentliyi tərəfindən təşkil ediləcək forum bu il “Ortaq gələcək, ortaq hədəflər” mövzusuna həsr olunub.
Forumda müxtəlif ölkələrin enerji sahəsindən məsul yüksək səviyyəli dövlət rəsmiləri, yerli və xarici vətəndaş cəmiyyətlərinin, beynəlxalq qurumların nümayəndələri, elm xadimləri və iş adamları iştirak edəcəklər.
Tədbirdə enerji sektorunda regional hədəflər, təbii qaz tədarükü təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu, enerji transformasiyasının maliyyələşdirilməsi kimi regional və beynəlxalq məsələlərlə yanaşı, enerji mənbələri, texnoloji inkişaf və bir sıra digər məsələlər ətrafında fikir mübadilələri aparılacaq, qlobal səviyyədə dialoq imkanı yaradılacaq.