Bakı. Trend:
COP29 çərçivəsində “Su Gününün qeyd edilməsi: İqlim, təbiət və insanlar üçün xilasedici halqa” adlı yüksək səviyyəli tədbir keçirilib.
Trend xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen tədbirdə çıxış edərək bildirib ki, 119 ölkə su ilə birbaşa əlaqəli olan biomüxtəliflik üzrə milli hədəflərini təqdim edib.
"Bu ilin fevralında keçirilmiş BMT-nin Ətraf Mühit üzrə 6-cı Assambleyasında su siyasətinin gücləndirilməsi və su ehtiyatlarının idarə edilməsi təşəbbüslərinin artırılmasına yönəlmiş qətnamə qəbul edilib. Verilmiş milli müəyyən edilmiş töhfələrin (NDC) 90 faizindən çoxu su ilə bağlı mühüm elementləri əhatə edir ki, bu da müsbət haldır.
119 ölkə artıq biomüxtəliflik üzrə milli hədəflərini təqdim edib. Lakin acı həqiqət budur ki, bu öhdəliklər nə maliyyələşmə, nə də fəaliyyət və ya kompleks yanaşmalar baxımından yerinə yetirilmir. Məhz buna görə Su üzrə Bakı Dialoqu belə böyük əhəmiyyət kəsb edir. Biz daha sürətlə hərəkət etməli və sektoral yanaşmadan ümumi iqtisadi yanaşmaya keçməliyik", – deyə İ.Andersen vurğulayıb.
BMT-nin Avropa İqtisadi Komissiyasının (BMT AİK) icraçı katibinin müavini Dmitriy Maryasin isə bildirib ki, Bakıda keçirilən COP29 və Belemdə keçiriləcək COP30 su gündəliyinin irəliləyişi üçün əsas tədbirlərdir.
"Dayanıqlı su təchizatı dayanıqlı gələcəyin əsasını təşkil edir. İqlim dəyişikliyi su ehtiyatlarına getdikcə daha çox təsir edir. Bunu İspaniyada, Saheldə və Amerikada baş verən dağıdıcı daşqınlardan görürük. Su qlobal iqlim müzakirələrinin mərkəzində qalmalıdır və transsərhəd su hövzələrinin rolunun tam tanınması vacibdir.
Bakıda keçirilən COP29 və Belemdə baş tutacaq COP30 bu gündəliyin irəlilədilməsi üçün açar tədbirlərdir. Azərbaycanı suyun iqlim məsələlərindəki əhəmiyyətini önə çıxaran və bunun "İqlim üçün Su üzrə Bakı Bəyannaməsi" və Bakı Dialoqunda əksini tapan təşəbbüsə görə təbrik edirəm", – deyə D.Maryasin qeyd edib.
Əlavə olaraq BMT-nin Su Resursları üzrə xüsusi nümayəndəsi Retno Marsudi deyib ki, Su üzrə Bakı Dialoqu gələcək COP-ların ayrılmaz bir hissəsi olaraq davamlı şəkildə keçirilməlidir.
"Su məsələləri və iqlim fəaliyyəti üzrə Bakı Dialoqu su məsələsinin iqlim gündəliyinə inteqrasiyası üçün vacib bir fürsət oldu", – deyə o vurğulayıb.
Onun sözlərinə görə, iqlim dəyişikliyi su vasitəsilə özünü göstərir və su bu qlobal çağırışla mübarizədə əsas həll yoludur. Bununla belə, su və iqlim arasındakı qarşılıqlı əlaqə iqlim dəyişikliyi müzakirələrinin gündəliyində arxa planda qalıb.
"Əminəm ki, Su üzrə Bakı Dialoqu və iqlim fəaliyyətləri su problemlərinin müzakirəsini dərinləşdirəcək və onların iqlim gündəliyinə ardıcıl inteqrasiyasını təmin edəcək. Bu dialoq COP26, COP27 və COP28-də su məsələləri ilə bağlı razılaşdırılmış təşəbbüsləri davam etdirəcək", – deyə R.Marsudi qeyd edib.
Daha sonra ÜMT-nin Baş katibinin müavini Ko Barrett çıxışında qeyd edib ki, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) su məsələləri üzrə Bakı Dialoqunun həyata keçirilməsi üzrə sıx əməkdaşlığa ümid edir.
"ÜMT üçün bu təşəbbüsün işə salınmasında iştirak etmək və COP29 sədrliyini Bakı Su Dialoqunun hazırlanmasında dəstəkləmək böyük şərəfdir. Biz onun həyata keçirilməsi üzrə sıx əməkdaşlığa böyük ümid bəsləyirik və bu təşəbbüsün necə sürətlə inkişaf etdiyini görmək təsir edicidir. Onun gələcək inkişafına optimist yanaşırıq. COP29-da burada toplaşaraq suyun – planetimizin "qanının" – Paris Sazişi hədəflərinə çatmaqda, iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında, uyğunlaşmada və dayanıqlığın qurulmasında həyati rolunu dərk edirik", – deyə o vurğulayıb.
Öz növbəsində Almaniyanın ətraf mühit naziri Şteffi Lemke bildirib ki, Almaniya Bakı Su Dialoqunda iştirakını səbirsizliklə gözləyir.
"Su adaptasiya üçün əsas sektordur. O, qlobal adaptasiya məqsədləri üçün zəruridir. Su siyasəti sistematik şəkildə milli adaptasiya planlarına daxil edilməlidir. Su ehtiyatlarının idarə olunması sahəsində biz bir-birimizdən çox şey öyrənə bilərik. Əminəm ki, Bakı Dialoqu bunun üçün mühüm platforma təmin edəcək. Almaniya bu dialoqda iştirakını səbirsizliklə gözləyir", – deyə o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.