Bakı. Trend:
ABŞ-nin Azərbaycandakı səfirliyi azərbaycanlı tələbələrin nailiyyətlərini qeyd etmək məqsədilə tədbir təşkil edib.
Trend xəbər verir ki, SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) beşinci kurs tələbələri Fatimə Məmmədova və Fərid Əliyev ABŞ Dövlət Departamentinin dəstəyi ilə Cənubi Qafqaz ölkələri üçün “Ventures Well” tərəfindən təşkil edilmiş akselerasiya proqramının qalibləri olublar.
"Atəşgah" komandası tərkibində çıxış edən tələbələr Tbilisidə keçirilən beş həftəlik proqramı uğurla başa vurublar.
Onların innovativ layihəsi günəş panellərinin soyudulmasına yönəlib və bu, bərpa olunan enerji sahəsində mühüm məsələnin həllini təklif edir. Proqram Azərbaycanda “Ventures Well”in yerli tərəfdaşı “SUP VC”nin dəstəyi ilə həyata keçirilib.
Səfirlikdə keçirilən tədbirdə digər tələbələrlə yanaşı, onlar da öz layihələrini təqdim edib və sual-cavab sessiyalarında iştirak ediblər.
"Məlumdur ki, ABŞ-də təhsil almağa can atan azərbaycanlılar öz arzularını gerçəkləşdirməkdə getdikcə daha böyük uğurlar əldə edirlər. ABŞ dünyanın hər yerindən tələbələr üçün ən cəlbedici təhsil istiqaməti olaraq qalır. Ötən il ABŞ-də 210 ölkə və regiondan 1,1 milyondan çox xarici tələbə təhsil alıb", - deyə tədbirdə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bildirib.
Son məlumatlara əsasən, 2023-2024-cü tədris ilində ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayı 1130 nəfər təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 25,4 faiz artım deməkdir.
ABŞ beynəlxalq təhsil sahəsində lider olaraq qalır və bir milyondan çox xarici tələbəni qəbul edir. Beynəlxalq tələbə mobilliyi diplomatiyanın, innovasiyaların, iqtisadi inkişafın və milli təhlükəsizliyin gücləndirilməsində mühüm rol oynayır.