...

Təbii qaz qlobal dayanıqlılıqda əsas rol oynayır – GECF

İqtisadiyyat Materials 20 Noyabr 2024 16:43 (UTC +04:00)
Təbii qaz qlobal dayanıqlılıqda əsas rol oynayır – GECF
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Təbii qaz hazırda dünya üzrə ilkin enerji tələbatının 23 faizini təmin edir.

Trend xəbər verir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Baş katibi Məhəmməd Hameli COP29 sammitində çıxışı zamanı bildirib.

O, təbii qazın qlobal enerji mənzərəsində əvəzolunmaz rolunu vurğulayaraq, onun iqtisadi artıma, ekoloji dayanıqlılığa və qlobal ərzaq təhlükəsizliyinə töhfəsini qeyd edib.

"Təbii qaz iqtisadi artımı stimullaşdırır, həyat səviyyəsini yüksəldir, evlərdə ətraf mühitin çirklənməsini azaldır, şəhərlərdə hava keyfiyyətini yaxşılaşdırır və istixana qazlarının emissiyasını azaldır", – deyə M.Hameli bildirib.

M.Hameli, həmçinin, təbii qazın qeyri-sabit bərpa olunan enerji mənbələri üçün etibarlı tərəfdaş olduğunu vurğulayıb.

O, günəş, külək və ya hidroenerji sistemlərinin fasilələrlə üzləşdiyi hallarda qazın sabitlik təmin etdiyini qeyd edib. Təbii qazın sənaye sahələrinin dekarbonizasiyası üçün iqtisadi cəhətdən səmərəli "mavi hidrogen" təmin edilməsi və gübrə istehsalı üçün əsas xammal kimi qlobal ərzaq təhlükəsizliyindəki həlledici rolu vurğulanıb.

"Dünya əhalisi artdıqca və iqtisadiyyat genişləndikcə təbii qaza olan tələbat azalmaq əvəzinə artacaq", – deyə M.Hameli əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti