Bakı. Trend:
Qazaxıstan yükdaşımaların dayanıqlılığını, eləcə də nəqliyyat şəbəkələrinin ekoloji və iqtisadi təsirini prioritet məsələ kimi qəbul edir.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Nurlan Kenesov COP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM), onun üzv dövlətlərinin və Asiyanın regional təşkilatlarının təhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyat dəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusunda panel müzakirədə bildirib
"Qazaxıstan üçün AQEM iştirakçı dövlətlərin qarşılıqlı əlaqəni gücləndirmək istiqamətindəki səylərini birləşdirən unikal platformadır. Dəniz limanlarına birbaşa çıxışı olmayan bir ölkə olaraq, Qazaxıstan üçün effektiv və etibarlı nəqliyyat şəbəkələri iqtisadi artım və regional inteqrasiya üçün həyati əhəmiyyət kəsb edir. Qarşılıqlı əlaqənin gücləndirilməsindəki rolumuz əhəmiyyətlidir və Qazaxıstan qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə və tranzit imkanlarımızın genişləndirilməsinə yönəlmiş bütün layihələrə açıqdır. Bu məqsədlərə çatmaq üçün Qazaxıstan dayanıqlı və etibarlı infrastrukturun əhəmiyyətinə böyük önəm verir və AQEM layihələrində iştirak bu məqsədlərin reallaşdırılması üçün əsas alətlərdən biridir", - deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.