...

Xankəndidə müqəddəs Ramazan günlərində iftar çadırı qurulacaq (FOTO)

Cəmiyyət Materials 28 Mart 2025 14:04 (UTC +04:00)
Xankəndidə müqəddəs Ramazan günlərində iftar çadırı qurulacaq (FOTO)

Bakı. Trend:

Müqəddəs Ramazan ayı münasibətilə "Nargis" Fondu tərəfindən 25-27 mart tarixlərində Xankəndi şəhərində iftar çadırı qurulacaq.

Trend xəbər verir ki, bu barədə "Nargis" Fondu məlumat yayıb.

Bildirilib ki, burada bölgə sakinləri və ziyarətçilər üçün müxtəlif təamlar təqdim ediləcək.

Üç gün ərzində hər gün qonaqlara duru xörək, aş-qara, dovğa, təzə meyvə və tərəvəzlər, sərinləşdirici içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər və kətədən ibarət yüksək keyfiyyətli iftar menyusu təqdim ediləcək.

Fondun həyata keçirdiyi aksiya müddətində yüzlərlə insan iftar süfrəsinin qonağı olacaq. Bundan əlavə, iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payları birbaşa yaşadıqları ünvanlara göndəriləcək.

Qeyd edilib ki, 22-23 mart tarixlərində iftar çadırları Fond tərəfindən həmçinin Şuşa şəhərində qurulmuşdu.

Builki "İftar Çadırları" layihəsi Xankəndi şəhərində "Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı", "Unibank", "Kolin İnşaat" və "Coca-Cola" şirkətlərinin sponsorluğu ilə keçiriləcək. Layihənin təşkilati dəstəyi Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi və Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən təmin ediləcək.

Xatırladaq ki, "Nargis" Fondu tərəfindən "İftar Çadırları" layihəsi 2019-cu ildən etibarən Ramazan ayında həyata keçirilir. Layihə çərçivəsində xüsusi hazırlanmış Şərq üslublu çadırlarda qonaqlar bir araya gələrək iftar sevincini birlikdə paylaşırlar.

Xəbər lenti

Xəbər lenti