Bakı. Trend:
Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən (XİN) məlumat
verilib.
Bildirilib ki, martın 28-də Pekin şəhərində Azərbaycan Respublikası
ilə Çin Xalq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi
məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə
Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çin tərəfindən
xarici işlər nazirinin müavini Liu Bin başçılıq ediblər.
Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika,
yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil,
mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı
fikir mübadiləsi aparılıb. Yüksək səviyyələrdə qarşılıqlı
səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox
sahələrinə müsbət təsiri qeyd olunub.
Müzakirələr çərçivəsində, 3 iyul 2024-cü ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq
Respublikasının Sədri cənab Si Cinpin arasında keçirilmiş görüş
zamanı qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq
Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında
Birgə Bəyannamə”nin tarixi əhəmiyyəti qeyd olunub.
Bu mühüm siyasi sənədin iki dövlət arasında strateji xarakterli
əməkdaşlığın möhkəmləndirilməsi baxımından geniş üfüqlər açdığı
vurğulanıb.
Nazir müavini Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi,
Ermənistanla normallaşma prosesi və mövcud maneələr, işğaldan azad
edilmiş ərazilərdə bərpa və quruculuq işləri və investisiya
layihələri haqqında ətraflı məlumat verib.
Görüşdə tərəflər, həmçinin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Nazir müavini Elnur Məmmədov həmçinin 27 mart 2025-ci ildə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbərinin müavini Çen Cou ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluğun Azərbaycan və Çin arasında əlaqələrin hərtərəfli inkişafının təməli olduğu xüsusilə qeyd olunub.
Nazir müavini Elnur Məmmədov səfər çərçivəsində Şanxay
Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev ilə görüşüb
və ölkəmiz ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri ətrafında
fikir mübadiləsi aparıb.
Eyni zamanda nazir müavini Elnur Məmmədov Çin və Qloballaşma
Mərkəzində qurumun rəhbərliyi və müxtəlif beyin mərkəzlərinin
nümayəndələri ilə görüşüb. Azərbaycan Respublikası barədə
hərtərəfli məlumat verib, regiondakı mövcud vəziyyət, həmçinin
Azərbaycan-Çin əlaqələri barədə danışıb, tədbir iştirakçılarının
suallarını cavablandırıb.