Bakı. Trend:
Kanadanın baş naziri Mark Karni tariflərlə bağlı yaxın iki gün ərzində ABŞ prezidenti Donald Trampla telefon danışığı etməyi planlaşdırdığını bildirib.
Trend-in məlumatına görə, bu barədə Mark Karni mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, telefon danışığı “bir-iki gün sonra” baş tutacaq.
"Mən işçilərimizi necə qoruya biləcəyimizi və iqtisadiyyatımızı necə qura biləcəyimizi müzakirə etmək fürsətini yüksək qiymətləndirirəm. Mən Prezidentə aydınlaşdıracağam ki, bu maraqlara ən yaxşı şəkildə əməkdaşlıq və qarşılıqlı hörmət, o cümlədən suverenliyimizə hörmət xidmət edir", - deyə Kanada baş naziri qeyd edib.
ABŞ-nin tarifləri qüvvəyə minərsə, Ottavanın necə cavab verəcəyi ilə bağlı suala M.Karni belə cavab verib: "Bu, danışıqlardır. Kartları masanın üstünə qoyub, gələcəkdə nə edəcəyinizi söyləməyin mənası yoxdur".
M.Karni əlavə edib ki, o, D.Trampın amerikalı fəhlələri dəstəkləmək istəyini başa düşür və ona hörmət edir, lakin Kanadanı zəiflətmək üçün hər hansı cəhdi rədd edir.