BMT Baş Assambleyasında “30 mart - Beynəlxalq Sıfır Tullantı Günü” münasibətilə xüsusi sessiya keçirilib.
Bu barədə Trend Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinə istinadən məlumat verir.
Yüksək səviyyəli tədbirdə Azərbaycanın daimi nümayəndəsi Tofiq Musayev çıxış edib.
“Mənim üçün Beynəlxalq Sıfır Tullantı Gününə həsr olunmuş bu vacib tədbirin birgə təşkilinə görə Türkiyənin Daimi Nümayəndəliyinə, BMT-nin Məskunlaşma Proqramına (BMT-Habitat) və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) təşəkkürümüzü bildirməklə başlamaq böyük şərəfdir. Biz xüsusilə “Sıfır tullantı” təşəbbüsünü milli siyasətdən qlobal hərəkat səviyyəsinə çatdırmaqda həlledici rol oynamış Türkiyə Respublikasının rəhbərliyini və birinci xanım Əminə Ərdoğanın şəxsi səylərini yüksək qiymətləndiririk.
Həqiqətən də, “sıfır tullantı” konsepsiyası Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq və daha “yaşıl” planet yaratmaq yolunda bir təməl daşıdır. Azərbaycan dövri iqtisadiyyat layihələrinə dəstək, dayanıqlı tekstil istehsalının təşviqi, innovasiya və tədris yolu ilə tullantıların azaldılması kimi bir sıra Dayanıqlı İnkişaf Məqsədləri üzrə tərəqqini sürətləndirmək üçün konkret addımlar atıb”, - deyə o bildirib.
O, “sıfır tullantı” təşəbbüsünün ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29 konfransı zamanı əhəmiyyətli qlobal təkan yığdığını qeyd edib.
“Bu istiqamətdə atılmış ən mühüm addımlardan biri, COP29-un Yaşıl Zonasında Azərbaycan və Türkiyə tərəfindən istifadəyə verilmiş birgə pavilyon olub ki, bu da kollektiv fəaliyyət vasitəsilə qlobal ekoloji inkişafa töhfə verməkdə ortaq iradəmizin sübutudur.
Bundan əlavə, COP29 zamanı orqanik tullantılardan metan emissiyalarının azaldılması barədə Bəyannamə qəbul edilib ki, bu da tullantıların yaranmasının qarşısının alınması və sıfır tullantı təcrübələrinin tətbiqi üçün kompleks tədbirlərin zəruriliyini vurğulayır. Urbanizasiya, sıfır tullantı və iqlim dəyişikliyi arasındakı qarşılıqlı əlaqəni nəzərə almaq vacibdir.
COP29 gündəliyinin bir hissəsi kimi Davamlı və Sağlam Şəhərlər üçün Çoxsektorlu Fəaliyyət Yolları (MAP) barədə Bəyannamə hazırlanıb. Bu sənəd şəhərlərdə iqlim problemlərinin həllində çoxtərəfli əməkdaşlığın təşviqi, şəhər iqlim səylərində ardıcıllığın yaradılması və şəhər iqlim maliyyələşdirilməsinin stimullaşdırılması məqsədilə hazırlanıb.
Gələcəyə baxdıqda, Azərbaycanın gələn il qəbul edəcəyi Ümumdünya Şəhərlər Forumunun 13-cü sessiyasının xüsusilə dayanıqlı şəhər inkişafının təşviqi, sıfır tullantı təşəbbüsləri və iqlim dəyişikliyinə davamlı şəhərlərin yaradılması sahəsində ümumi öhdəliklərimizi gücləndirmək baxımından daha bir mühüm platforma olacağını söyləmək olar”, - deyə T.Musayev bildirib.