Bakı. Trend:
Dünən Bakının Yasamal rayonunda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.
Trend xəbər verir ki, Q.Məmmədov faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb.
Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər.
Qeyd edək ki, sosial mediada Yasamal rayonunda sakinlərin evdə olduğu halda evlərinin sökülməsi ilə bağlı görüntülər yayılıb. Dərhal FHN-in xilasediciləri əraziyə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən, dağıntı altında qalanın olmadığı müəyyən edilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib. Söküntü dayandırılmaqla tikinti şirkətinin nümayəndəsi polis bölməsinə dəvət olunub. Həmin tikinti şirkətinin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.