Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İsraillə Livan arasında atəşkəs danışıqlarının anonsunu verib.
Trend xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə öz “Truth Social” sosial şəbəkə hesabında məlumat paylaşıb.
“İsraillə Livan arasında kiçik tənəffüs yaratmağa çalışırıq. İki ölkə liderinin bir-biri ilə sonuncu dəfə danışmasından uzun müddət – 34 ilə yaxın vaxt keçib. Bu sabah baş verəcək. Əla!”,- deyə Tramp yazıb.
Xatırladaq ki, ötən həftə İsrail Baş naziri Benyamin Netanyahu hökumətə Livanla ən qısa zamanda birbaşa danışıqların başlanılmasına dair göstəriş vermişdi.
Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2 martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevralda ABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ın İsrailə raket hücumları ilə genişlənib.
Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quru əməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1 milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə "Hizbullah" döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isə İsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.
