Bakı. Trend:
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Şirvan-Salyan Regional Təhsil İdarəsi və Qarabağ Regional Təhsil İdarəsinə yeni müdir müavinləri təyin olunub.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmri ilə Məmmədtağıyev Elmin Məmmədtağı oğlu Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib .
Elmin Məmmədtağıyev əmək fəaliyyətinə 2017-ci ildə Lerik
rayonunda Valeh Rəhimov adına Veri Əliabad kənd ümumi orta
məktəbində müəllim kimi başlayıb.
O, 2018–2022-ci illərdə Kəlbəcər rayon Təhsil şöbəsində məsləhətçi
vəzifəsində çalışıb. 2022-ci ildə fəaliyyətini Mərkəzi Aran
Regional Təhsil İdarəsində davam etdirərək əvvəlcə məsləhətçi, daha
sonra isə İnzibati təşkilat sektorunun müdiri vəzifələrində
işləyib.
2025-ci ildən bu təyinata qədər Gəncə-Daşkəsən Regional Təhsil
İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri kimi fəaliyyət
göstərib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun digər əmri ilə isə Baxışov Rəvan Baxış oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.
1998-ci ildən əmək fəaliyyətinə başlayan Rəvan Baxışov 2020-ci ilə qədər müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə, 2020–2022-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 17 saylı Regional Xəzinədarlıq İdarəsində çalışıb.
Rəvan Baxışov təyinata qədər Şirvan-Salyan Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun müdiri vəzifəsini icra edib.
Agentlik sədrinin digər bir əmri ilə də Rzayev Ruslan Rasim oğlu Qarabağ Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.
Ruslan Rzayev əmək fəaliyyətinə 2011-ci ildə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə müəllim kimi başlayıb.
2020-ci ilədək müəllim kimi fəaliyyət göstərən Ruslan Rzayev 2020-2022-ci illərdə həmin təhsil müəssisəsində direktor vəzifəsində çalışıb.
2022-ci ildən bu təyinatadək Qazax rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib.
