...

Azərbaycan bp ilə neft-qaz hasilatı potensialının inkişafını müzakirə edib

Energetika Materials 15 Aprel 2026 15:05 (UTC +04:00)
Azərbaycan bp ilə neft-qaz hasilatı potensialının inkişafını müzakirə edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazovla bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli arasında görüş keçirilib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

Görüşdə bp şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində neft-qaz və bərpa olunan enerji sahələrində həyata keçirilən layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu kontekstdə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında hasilatın sabit saxlanılması, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.

Eyni zamanda, “Şahdəniz” yatağında aparılan fəaliyyətlər, “Şahdəniz Kompressiya” layihəsinin inkişafı və AÇG-dən sərbəst təbii qazın işlənməsi layihəsi çərçivəsində ilk qazın əldə olunması ilə bağlı yeniliklər diqqətə çatdırılıb. “Şəfəq-Asiman”, “Qarabağ” və “Babək” yataqlarının işlənməsi ilə bağlı məsələlər də müzakirə edilərək perspektiv imkanlar dəyərləndirilib. Qeyd olunub ki, bu layihələr ölkənin qaz ixrac potensialının artırılmasına mühüm töhfə verəcək.

Görüşdə, həmçinin neft-qaz platformalarının və “Səngəçal” terminalının elektrikləşdirilməsi, eləcə də “Şəfəq” Günəş Elektrik Stansiyasının 2027-ci ildə istismara verilməsi istiqamətində görülən işlər nəzərdən keçirilib.

Söhbət zamanı enerji bazarlarında mövcud vəziyyət fonunda enerji təhlükəsizliyinin prioritetliyi, enerji mənbələrinin, marşrutlarının və təchizatın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Bərpa olunan enerji sahəsində sürətli inkişafla yanaşı, karbohidrogenlərin hələ də qlobal enerji istehlakında əsas paya malik olduğu və gələcəkdə də mühüm rol oynamaqda davam edəcəyi bildirilib. Azərbaycanın neft, qaz, elektrik enerjisi və bərpa olunan enerji sahələrində diversifikasiya siyasətini ardıcıl şəkildə davam etdirdiyi qeyd olunub.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, regional enerji təhlükəsizliyinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq enerji mərkəzi kimi rolunun daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi ifadə olunub.

bp 30 ildir Azərbaycanda fəaliyyət göstərir və ölkədəki ən böyük xarici investordur. Burada bp hazırda dünyanın ən böyük neft yataqlarından biri olan Azəri-Çıraq-Günəşli yatağının və eyni dərəcədə böyük qaz yatağı hesab edilən Şahdəniz yatağının operatorudur.

“Biz Azərbaycanda hökumət, SOCAR və digər tərəfdaşlarla mükəmməl tərəfdaşlıqlar qurmuşuq. Xəzər regionundakı 30 illik uğurlu iş təcrübəmizlə biz bu dünya səviyyəli layihələri təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirə bilən aparıcı operatoruq.

Biz beynəlxalq enerji standartlarına cavab verən layihələrə investisiya yatırmağa davam edəcəyik və Xəzər regionuna sənayedəki ən mürəkkəb və qabaqcıl texnologiya və ekspertizanı gətirəcəyik.

Biz bu hövzədə yeni layihələri – AÇG yatağının sonrakı mərhələdə işlənməsi (müddəti uzadılmış yeni saziş çərçivəsində), AYDS, Şəfəq-Asiman və digər potensial layihələri uğurla həyata keçirmək üçün bu unikal təcrübə və biliklərə söykənəcəyik”, - bp-nin məlumatında qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti