...

İranla bağlı atəşkəsə Livan da daxil edilməlidir - Makron

Dünya xəbərləri Materials 14 Aprel 2026 16:40 (UTC +04:00)
İranla bağlı atəşkəsə Livan da daxil edilməlidir - Makron
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron ABŞ və İran prezidentləri ilə danışıqlar aparıb və bu görüşlər zamanı Hörmüz boğazından gəmilərin hərəkətinə maneələrin aradan qaldırılmasına çağırıb.

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

“Hörmüz boğazının ən qısa müddətdə, heç bir ilkin şərt olmadan, hər hansı nəzarət və rüsumlar tətbiq edilmədən yenidən açılması vacibdir”, – o, "X" platformasında yazıb.

Makron əlavə edib ki, aprelin 17-də Fransa və Böyük Britaniya digər ölkələrin də iştirakı ilə Hörmüz boğazından keçən gəmilərin müşayiəti üçün potensial “tamamilə müdafiə xarakterli missiya”nın müzakirəsi məqsədilə videokonfrans keçirəcək.

Fransalı dövlət başçısı həmçinin, ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianı İslamabadda dayandırılmış danışıqları bərpa etməyə, anlaşılmazlıqları aradan qaldırmağa və yeni eskalasiya mərhələlərinin qarşısını almağa” səsləyib. O, eyni zamanda iki ölkə arasında razılaşdırılmış atəşkəs rejiminə ciddi riayət olunmasına və bu atəşkəsin İsrailin “Hizbullah” hərəkatına qarşı hərbi əməliyyat apardığı Livana da şamil edilməsinə çağırış edib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti