...

Azərbaycanın gəlirlər üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb

İqtisadiyyat Materials 15 Aprel 2026 16:29 (UTC +04:00)
Azərbaycanın gəlirlər üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ortamüddətli dövr üzrə gəlir siyasəti ölkənin iqtisadi inkişafını təmin etmək, iqtisadi şaxələndirməni genişləndirmək və investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu çərçivədə vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi vəgömrük inzibatçılığının təkmilləşdirilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin dövriyyəsinin artırılması kimi addımlar planlaşdırılır.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, bununla yanaşı, dövlət büdcəsi gəlirlərini təmin edən orqanlarla vergi ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində addımların atılması davam etdiriləcək. Görüləcək tədbirlər kölgə iqtisadiyyatında cəmlənmiş dövriyyələrin leqallaşdırılması prosesini daha da sürətləndirəcək.

Qeyd olunanlar nəzərə alınmaqla, 2027-2030-cu illər üzrəgəlir siyasətinin əsas istiqamətləri aşağıdakıları nəzərdə tutur:

1. Biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi:

Vergi siyasətində əsas prioritetlərdən biri olan biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, investisiya fəallığının təşviqi və sahibkarlıq subyektlərinin vergi yükünün optimallaşdırılmasıdır. Bu çərçivədə vergi inzibatçılığının sadələşdirilməsi, investisiyaları təşviq edən vergi alətlərinin təkmilləşdirilməsi və real sektorun inkişafını dəstəkləyən mexanizmlərin gücləndirilməsi nəzərdə tutulur.

2. Müddəti bitən vergigüzəşt və azadolmalarına yenidən baxılması:

Vergi siyasətinin əsas istiqamətlərindən biri müddəti başa çatan vergi güzəşt və azadolmalarının fiskal və iqtisadi səmərəliliyinin yenidən qiymətləndirilməsi, onların tətbiqinin məqsədəuyğunluğunun müəyyən olunmasıdır. Bu çərçivədə effektivliyi kifayət qədər əsaslandırılmayan, iqtisadi fəallığa və investisiya mühitinə təsiri məhdud olan güzəşt və azadolmaların ləğvi və ya əhatə dairəsinin məhdudlaşdırılması, eyni zamanda prioritet sahələr üzrə zəruri hesab edilən güzəştlərin daha məqsədli və nəticəyönümlü əsaslarla tətbiqinin davam etdirilməsi nəzərdə tutulur.

3. Vergitutma bazasının genişləndirilməsi və vergitutma obyektlərinin dəqiqləşdirilməsi:

Vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi baxımından əsas istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi, vergitutma obyektlərinin daha dəqiq müəyyən edilməsi və vergi potensialının tam səfərbər olunmasıdır. Bu çərçivədə müxtəlif fəaliyyət sahələri üzrə vergitutma obyektlərinin konkretləşdirilməsi, iqtisadi əməliyyatların daha dolğun uçotunun təmin edilməsi və vergi bazasının genişlənməsinə xidmət edən normativ-hüquqi və inzibati mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

4. Vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi və təşviqlərin tətbiqi:

Vergi borclarının idarə olunması sahəsində əsas istiqamətlərdən biri borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi, ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi vəkönüllü ödəniş intizamının gücləndirilməsidir. Bu çərçivədə vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi, ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlərin müəyyən olunması, habelə müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur.

5. Vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi və inzibatçılığın təkmilləşdirilməsi:

Vergi siyasətinin mühüm istiqamətlərindən biri vergi nəzarətinin effektivliyinin artırılması, inzibatçılıq mexanizmlərinin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi və könüllü əməletmə səviyyəsinin yüksəldilməsidir. Bu çərçivədə risk əsaslı nəzarət mexanizmlərinin genişləndirilməsi, rəqəmsal həllərin və məlumat mübadiləsi imkanlarının artırılması, vergi ödəyicilərinin uçot, hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi, eləcə də vergi orqanlarının inzibati fəaliyyətinin daha çevik və nəticəyönümlü şəkildə təşkili nəzərdə tutulur.

6. Qeyri-rezidentlərin vergiyə cəlb edilməsi mexanizminin təkmilləşdirilməsi:

Müasir iqtisadi münasibətlər və sərhədlərarası əməliyyatların genişlənməsi şəraitində əsas istiqamətlərdən biri qeyri-rezident şəxslərin Azərbaycan mənbəli gəlirlər üzrə vergiyə cəlb edilməsinin daha effektiv mexanizmlər əsasında təşkili və bu sahədə hüquqi bazanın təkmilləşdirilməsidir. Bu çərçivədə rəqəmsal xidmətlər, elektron ticarət, beynəlxalq xidmət göstərilməsi və digər sərhədlərarası əməliyyatlar üzrə vergitutma qaydalarının dəqiqləşdirilməsi, vergi tutma mexanizmlərinin beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi və vergi bazasının qorunmasına xidmət edən yanaşmaların gücləndirilməsi nəzərdə tutulur.

7. Dövlət büdcəsindən ayrılan vəsaitlərin vergitutma mexanizminin dəqiqləşdirilməsi:

Dövlət maliyyəsinin idarə olunması baxımından əsas istiqamətlərdən biri dövlət büdcəsindən ayrılan vəsaitlərin vergitutma mexanizminin vahid və aydın əsaslarla tənzimlənməsidir. Bu çərçivədə subsidiya, subvensiya, transfert, qrant və digər büdcə vəsaitləri üzrə vergitutma yanaşmalarının dəqiqləşdirilməsi, dövlət vəsaiti alan subyektlər üzrə vergi öhdəliklərinin daha aydın müəyyən edilməsi, habelə bu sahədə mövcud hüquqi qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti