Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında xarici maliyyə mənbələrindən əsas kapitala 1 milyard 125,5 milyon manat məbləğində investisiya yatırılıb.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 17 faiz çoxdur.
Xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 941,3 milyon manatı neft-qaz sektoru, 184,2 milyon manatı isə qeyri-neft-qaz sektoru üzrə həyata keçirilib. 2025-ci ilin yanvar-mart aylarındakı göstəricilərlə müqayisədə xarici maliyyə mənbələrindən Azərbaycanın neft-qaz sektoru üzrə əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 45,6 faiz artıb, qeyri-neft-qaz sektoru üzrə isə 41,6 faiz azalıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyard 49,8 milyon manat və ya 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 44,6 faiz, qeyri neftqaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2,2 faiz çox olub.
Ümumi sərmayənin 2 milyard 286,6 milyon manatı və ya 56,5 faizi məhsul istehsalı sahələrinin, 1 milyard 252,8 milyon manatı (30,9 faizi) xidmət sahələrinin, 510,4 milyon manatı (12,6 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb. Ümumi sərmayənin 34,3 faizi dövlət, 65,7 faizi qeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 72,2 faizini təşkil edib.
