Bakı. Trend:
Bu gün TƏBİB-in icraçı direktoru vəzifəsinə Anar Bayramovun təyin olunması ölkənin səhiyyə sistemində həyata keçirilən islahatların məntiqi davamı kimi qiymətləndirilməlidir. Bu təyinat tibbi xidmətlərdən vətəndaş məmnunluğunun artırılmasına hədəflənən yeni islahat mərhələsinin başlanğıcını ifadə edir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.
Millət vəkili bildirib ki, Anar Bayramov səhiyyə sahəsində həm praktik tibb, həm də sığorta təbabəti istiqamətində formalaşmış zəngin təcrübəyə və uğurlu fəaliyyətə malik peşəkar kadrdır:
“Bu baxımdan, onun rəhbərliyi ilə səhiyyə və sosial müdafiə sistemləri arasında daha səmərəli koordinasiyanın təmin ediləcəyi, tibbi sığorta fondunun vəsaitlərinin idarə olunması və istifadəsində effektivliyin daha da artırılacağı gözlənilir”.
Deputat vurğulayıb ki, həyata keçirilən islahatlar çərçivəsində tibbi xidmətlərin əlçatanlığının, operativliyinin və keyfiyyətinin yüksəldilməsi əsas prioritetlərdən biri olaraq qalır:
“Bu prosesdə TƏBİB-in rolu daha da gücləndiriləcək, qurumun institusional potensialının artırılması isə daha səmərəli və vətəndaşyönümlü idarəetmə modelinə keçidi təmin edəcək”.
M.Məmmədli qeyd edib ki, ümumilikdə bu təyinat TƏBİB-in müasir, dayanıqlı və çevik təşkilat kimi inkişafına zəmin yaradır, onun səhiyyə sisteminin mövcud çağırışlarına operativ uyğunlaşma imkanlarını genişləndirir.
“Nəticə etibarilə, əhaliyə daha yüksək səviyyəli tibbi xidmətlərin göstərilməsi və səhiyyə sisteminin davamlı inkişafı istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər”, - deyə sözlərini bitirib.
Milli Məclisin Səhiyyə komitəsinin digər üzvü, deputat İlham Məmmədov qərarı Trend-ə şərh edərkən deyib ki, heç şübhəsiz, bu dəyişiklikr səhiyyə sistemində yeni idarəetmə mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir.
“İcbari tibbi sığorta, birmənalı olaraq, Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi kimi formalaşıb və qısa müddət ərzində əhaliyə yüksək keyfiyyətli, əlçatan tibbi xidmətlərin göstərilməsi məqsədilə yaradılaraq bu gün bütün ölkə üzrə tam tətbiq olunur. Dövlətin dəstəyi ilə artıq 3 500-dək tibbi xidməti əhatə edən xidmət zərfindən əhali rahat şəkildə yararlana bilir. Bu isə sosial rifahın yüksəldilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi baxımından mühüm nailiyyət kimi dəyərləndirilir”.
Millət vəkilinin sözlərinə görə, daha yüksək keyfiyyətli tibbi xidmətlərin təmin edilməsi yeni islahatların həyata keçirilməsini zəruri edir:
“Müasir dövrün tələbləri səhiyyə sistemində çevik idarəetmə, innovativ yanaşmalar və xidmət keyfiyyətinin davamlı şəkildə artırılmasını tələb edir. Bu baxımdan, TƏBİB-in icraçı direktoru vəzifəsinə səhiyyə sisteminin müasir idarəetmə prinsiplərini dərindən bilən peşəkar şəxs – Anar Bayramovun təyin olunması qarşıda duran vəzifələrin uğurla icra ediləcəyinə dair gözləntiləri artırır. Onun tibb sahəsindəki yüksək biliyi və peşəkarlığı idarəetmənin təkmilləşdirilməsi, icbari tibbi sığorta mexanizmlərinin daha effektiv tətbiqi və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm nəticələrin əldə olunmasına imkan yaradacaq”.
İ.Məmmədov əlavə edib ki, bu dəyişiklik səhiyyə sektorunda aparılan islahatların davamlılığının təmin edilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir. Yeni yanaşmalar və idarəetmə modeli sistemin daha dayanıqlı və effektiv fəaliyyətinə xidmət edəcək.
