...

UNESCO İcraiyyə Şurasının 224-cü sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

Cəmiyyət Materials 15 Aprel 2026 02:13 (UTC +04:00)
UNESCO İcraiyyə Şurasının 224-cü sessiyasında Azərbaycanın bəyanatı səsləndirilib

Bakı. Trend:

UNESCO-nun mənzil-qərargahında təşkilatın İcraiyyə Şurasının 224-cü sessiyası işinə başlayıb.

Trend-in məlumatına görə, sessiya çərçivəsində keçirilən plenar debatlar zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizin milli bəyanatını səsləndirib. Milli bəyanatda UNESCO-nun fəaliyyətində institusional səmərəliliyin, şəffaflığın və hesabatlılığın daha da gücləndirilməsinin vacibliyi vurğulanaraq, təşkilatın prioritetləri ilə mövcud resurslar və icra mexanizmləri arasında uyğunluğun təmin edilməsinin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, qlobal çağırışlar fonunda UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində dialoq və əməkdaşlığın təşviqində oynadığı mühüm rol diqqətə çatdırılıb.

Təşkilat daxilində üzv ölkələr ilə katiblik arasında koordinasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanaraq, bu istiqamətdə aparılan islahatların əhəmiyyəti qeyd edilib. Bildirilib ki, dəyişən qlobal mühit şəraitində qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir və UNESCO-nun mandatı bu sahədə xüsusi rol oynamağa imkan verir.

Bəyanatda ötən ilin oktyabr-noyabr aylarında Səmərqənd şəhərində keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasının uğurlu keçirilməsinə görə Özbəkistan tərəfinə təşəkkür edilib.

Daimi Nümayəndəlik tərəfindən ölkəmizin Qrup 77 və Çin Paris bölməsi, eləcə də UNESCO-da fəaliyyət göstərən Türk Dövlətləri Qrupu adından da bəyanatlar səsləndirilib.

Qrup 77 və Çin adından səsləndirilmiş bəyanatda çoxtərəfliliyə, beynəlxalq əməkdaşlığa və həmrəyliyə sadiqlik bir daha təsdiqlənərək, inkişaf etməkdə olan ölkələrin prioritetlərinin irəli aparılmasında kollektiv fəaliyyətin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədi 4 çərçivəsində inklüziv və keyfiyyətli təhsilin təşviqi, təhsilin ana dilində verilməsinin əhəmiyyəti, eləcə də təhsilin davamlı inkişafın əsas hərəkətverici qüvvəsi kimi rolu qeyd olunub.

Bəyanatda, həmçinin UNESCO-nun qlobal prioritetləri olan Afrika və gender bərabərliyi, eləcə də inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) və gənclərlə bağlı təşəbbüslərə dəstək ifadə olunub. Təşkilatın proqram və büdcə çərçivəsində üzv dövlətlərə daha güclü dəstək göstərilməsinin vacibliyi diqqətə çatdırılıb. UNESCO 80 Yol Xəritəsinə dəstək ifadə edilərək bildirilib ki, inkişaf etməkdə olan ölkələrin fikirlərinin qərar qəbuletmə proseslərində əks olunmalıdır.

Türk Dövlətləri Qrupu adından səsləndirilən bəyanatda çoxtərəfliliyin gücləndirilməsi, türk dövlətləri arasında ortaq tarixi və mədəni irsin qorunması və təşviqi, eləcə də UNESCO çərçivəsində birgə təşəbbüslərin irəli sürülməsi xüsusi qeyd edilib. İrqçilik, ayrı-seçkilik, ksenofobiya və nifrət nitqinə qarşı mübarizənin əhəmiyyəti diqqətə çatdırılaraq, iqlim dəyişikliyi, su təhlükəsizliyi və davamlı inkişaf kimi qlobal çağırışlara qarşı elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyi bildirilib.

Həmçinin, rəqəmsal transformasiya və süni intellektin etik istifadəsi məsələlərinə toxunulan bəyanatda qeyd edilib ki, türk dünyasının dil və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması vacibdir.

Qeyd edək ki, UNESCO tarixində ilk dəfə Türk Dövlətləri Qrupu adından bəyanat səsləndirilib.

UNESCO İcraiyyə Şurasının 224-cü sessiyası aprelin 23-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti