...

Çin Hörmüz boğazının açılmasını tələb edir

Dünya xəbərləri Materials 14 Aprel 2026 12:53 (UTC +04:00)
Çin Hörmüz boğazının açılmasını tələb edir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin hakimiyyəti Hörmüz boğazında normal gəmiçiliyin bərpa olunmasını tələb edir və onun Amerika Birləşmiş Ştatları tərəfindən blokadaya alınmasını məsuliyyətsiz addım hesab edir.

Trend xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Tsakün bildirib.

“Artıq maraqlı tərəflərin müvəqqəti atəşkəs barədə razılığa gəldiyi bir şəraitdə ABŞ tərəfindən hərbi mövcudluğun artırılması və məqsədli blokada əməliyyatlarının aparılması yalnız ziddiyyətlərin dərinləşməsinə və gərginliyin artmasına gətirib çıxaracaq,” - deyə o brifinqdə vurğulayıb.

“Çin hər bir tərəfin atəşkəs razılaşmalarına ciddi əməl etməsində israrlıdır, diqqətin dialoq və sülh danışıqlarına yönəldilməsini istəyir ki, boğazda normal gəmiçilik ən qısa zamanda bərpa olunsun”, - nümayəndə bildirib.

Çin diplomatı əlavə edib ki, Hörmüz boğazının ABŞ tərəfindən blokadaya alınması “təhlükəli və məsuliyyətsiz addımdır”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti