Bakı. Trend:
2025-ci il ərzində bank sektorunda qeyri-işlək portfelin həcmi 16.4% (107 milyon manat) artaraq 763 milyon manat təşkil edib.
Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bildirilib ki, qeyri-işlək portfellər üzrə istehlak kreditlərində 58 milyon manat artım, biznes kreditlərində 54 milyon manat artım, ipoteka kreditlərində isə 5 milyon manat azalma baş verib. Nəticədə, qeyri-işlək portfelin cəmi kredit portfelində payı yarımil ərzində 0.1 f.b. artaraq 2.5% təşkil edib.
“Mümkün kredit risklərini tam qarşılaya bilmək üçün bank sektorunun yetəri qədər ehtiyatlanması mövcuddur. Bank sektorunda kreditlər üzrə mümkün zərərləin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatların məbləği 1.75 milyard manat təşkil edir ki, bu da qeyri-işlək portfelin həcmindən 230% çoxdur. Xüsusilə də, istehlak kreditləri üzrə yaradılmış məqsədli ehtiyatlar 1.27 milyard manat olub ki, bu da istehlak kreditləri üzrə qeyri-işlək kreditin (QİK) məbləğindən təxminən 4 dəfə çoxdur. Qeyd edilən faktlar bank sektorunun ehtiyatlanma səviyyəsinin potensial risklərin absorbsiya edilməsinə imkan verdiyini deməyə əsas verir”, - məlumatda qeyd edilib.
