Bakı. Trend:
Ötən il kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirləri ilə ümumilikdə 1554 mln. manat məbləğində nöqsan aşkarlanıb, bundan uyğunsuzluq məbləği 584,8 mln. manat, maliyyə təhrifləri 626,3 mln. manat, səmərəsiz xərclər isə 342,9 mln. manat təşkil edib.
Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, uyğunsuzluq məbləğinin 170,4 mln. manatını büdcəyə hesablanmış zərər təşkil edib: “Büdcəyə hesablanmış zərərin 101,5 mln. manatı üzrə vəsaitin bərpası, 40,2 mln. manatı üzrə isə müvafiq materialların prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul edilmişdir. 28,7 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilmişdir”.
“2025-ci il üzrə 48 kənar dövlət maliyyə nəzarəti (KDMN) tədbirinin 47,9%-i ilk dəfə keçirilmişdir. Son 5 ildə Hesablama Palatası tərəfindən həyata keçirilən kənar dövlət maliyyə nəzarəti tədbirlərinin təhlili ilk dəfə keçirilən KDMN tədbirlərinin sayının cəmi portfelə nisbətinin 2023-cü ildən etibarən artan dinamika üzrə hərəkət etdiyini göstərir. Belə ki, bu göstərici 2023-cü il üzrə 42,2%-dən 2025-ci ildə 47,9%-ə yüksəlmişdir. Qeyd edək ki, ilk dəfə keçirilən nəzarət tədbirlərinin artımı auditlərin əhatə dairəsinin genişlənməsinə də bilavasitə təsir etmişdir”, - V. Gülməmmədov qeyd edib.
