Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında ölkədə 29 milyard 703,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 0,2 faiz artıb.
ÜDM istehsalının 33,5 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə sahələrinin, 23,3 faizi digər xidmət sahələrinin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 11,7 faizini təşkil edib.
Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər real ifadədə 9,2 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 3,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 2,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1,5 faiz, digər xidmət sahələrində 0,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 1,2 faiz, sənayedə 0,2 faiz artmış, tikintidə isə 19,8 faiz azalıb.
