Bakı. Trend:
Hesablama Palatasının hesabatında risk əsaslı audit hələ də tam formalaşmayıb. Risk reyestri mövcuddur, lakin audit tədbirlərinin tam şəkildə risk əsaslı aparılıb-aparılmaması hesabatda aydın şəkildə öz əksini tapmır.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili komitənin bugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, hesabatda rəqəmsallaşma hələ ilkin mərhələdədir:
“Prosesə başlanılıb, lakin ümumilikdə rəqəmsallaşmanın palatanın fəaliyyətinə hansı təsiri göstərdiyi, hansı əlavə dəyəri yaratdığı, rəqəmsallaşmadan əvvəl və sonrakı fərqlərin nədən ibarət olduğu hesabatda daha geniş şəkildə əks olunsa, daha məqsədəuyğun olardı”.
Deputat vurğulayıb ki, auditdən təsir mərhələsinə keçidin sürətləndirilməsi vacibdir:
“Hər audit üzrə tövsiyələr, icra statistikası və maliyyə təsiri, xüsusilə Azərbaycan manatı ilə ayrıca göstərilməlidir. Yeni KPI-lar çərçivəsində yalnız bərpa edilmiş vəsait deyil, həm də qarşısı alınmış israf məbləğinin göstərilməsi məqsədəuyğun olardı. Çünki biz daha çox post-faktum nəticələrlə qarşılaşırıq, halbuki qarşısı alınmış itkilərin ölçülməsi də çox mühüm göstəricidir”.
T.Mirkişili xatırladıb ki, palatada tövsiyələrin icrasına nəzarət mexanizmi – “recommendation tracking” sistemi mövcuddur
“Təklif edirəm ki, bu sistem üzrə hesabatlar mütəmadi şəkildə, ya ümumi hesabat daxilində, ya da ayrıca sənəd kimi parlamentə təqdim olunsun. Tövsiyələrin icra faizi və bu istiqamətdə görülən işlər barədə məlumatların açıqlanması vacibdir”.
T.Mirkişilinin növbəti təklifi performans auditinin sayının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı olub:
“Növbəti üç il ərzində performans auditi ümumi audit portfelinin ən azı 30–40 faizini təşkil etməlidir. Bunun üçün dövlət investisiyaları, subsidiyalar və sosial proqramlar kimi prioritet sahələr müəyyən edilməlidir.
Performans auditinin genişləndirilməsi yalnız Hesablama Palatasının fəaliyyətindən asılı deyil. Bu, ümumilikdə büdcə planlaşdırmasının keyfiyyəti, məlumat bazasının genişliyi və əlavə məlumatların mövcudluğu ilə də sıx bağlıdır. Bu istiqamətdə irəliləyiş büdcə planlaşdırılmasında yeni yanaşmaların tətbiqinə də təkan verə bilər”.
Komitənin üzvü risk əsaslı audit modelinin tam tətbiqini də təklif edib:
“Hər il azı 20 əsas fiskal risk sahəsi müəyyənləşdirilməli və audit planı bu siyahı əsasında formalaşdırılmalıdır. 2026-cı il üzrə bu istiqamətdə müəyyən addımlar atılıb və bəzi sahələr təqdim olunub ki, bu da müsbət haldır”.
O qeyd edib ki, son təklifi data əsaslı və süni intellektə əsaslanan audit modelinə keçidin sürətləndirilməsidir.
“Bunun üçün vergi, xəzinə və dövlət satınalmaları sistemlərinin tam inteqrasiyası təmin edilməlidir. Bu yanaşma nəticəsində davamlı audit modelinə keçid mümkün olacaq. Müasir texnologiyalar artıq imkan verir ki, audit yalnız müəyyən dövrlərlə məhdudlaşmasın, davamlı əsasda həyata keçirilsin”, - deyə o sözünü yekunlaşdırıb.
