...

Milli Depozit Mərkəzi daha bir ölkə ilə depozitar hesabların açılması üzrə danışıqlar aparır – Elçin Əlizadə (ÖZƏL MÜSAHİBƏ)

İqtisadiyyat Materials 13 Aprel 2026 11:45 (UTC +04:00)
Milli Depozit Mərkəzi daha bir ölkə ilə depozitar hesabların açılması üzrə danışıqlar aparır – Elçin Əlizadə (ÖZƏL MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Depozit Mərkəzi (MDM) daha bir ölkənin depozitarı ilə əlaqələrin genişləndirilməsi və hesabların açılması üzərində danışıqlar aparır.

Bunu Trend-ə özəl müsahibəsində Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əlizadə deyib.

O, müsahibəsində qlobal depozitarlarla əməkdaşlıq, birja ticarəti, vahid hesablaşma modeli və risklərin idarə olunması, beynəlxalq inteqrasiya və yeni tərəfdaşlıqlar, eləcə də strateji baxışlardan bəhs edib.

Qlobal depozitarlarla əməkdaşlıq kapital bazarına etimadı artırır

Sədr bildirib ki, qlobal depozitarlarla saxlama mexanizmlərinin qurulması kapital bazarına keyfiyyət baxımından bir neçə istiqamətdə müsbət təsir göstərir:

“Birincisi, maliyyə institutlarının saxlama xidmətlərinə etibarı artır. Belə ki, beynəlxalq depozitarlarda hüquqi və texniki uyğunluğun təmin edilməsi daxili infrastrukturun beynəlxalq standartlara cavab verdiyini göstərir. Bu isə həm xarici, həm də daxili investorlar üzrə risklərin daha effektiv və şəffaf idarə olunmasına şərait yaradır.

İkincisi, investor hesablarının saxlanması və xərclərin optimallaşdırılmasıdır. Beynəlxalq depozitarlarda hesabların mövcudluğu investorların əlavə vasitəçilərə və alternativ strukturlara ehtiyacını aradan qaldırır. Nəticədə əməliyyat xərcləri azalır və investorların bazara çıxış imkanları genişlənir.

Qeyd olunan amillər ümumilikdə kapital bazarında likvidliyin artmasına və investor bazasının genişlənməsinə töhfə verir”.

Qazaxıstanla əməkdaşlıq və əməliyyatların avtomatlaşdırılması

E. Əlizadə vurğulayıb ki, Qazaxıstanın mərkəzi depozitarı ilə əməkdaşlıq çərçivəsində əsas institusional və hüquqi mərhələlər artıq tamamlanıb:

“Hər iki depozitar arasında qarşılıqlı hesabların açılması təmin edilib. Bu da qiymətli kağızların ötürülməsi və saxlanılması üçün texniki imkanlar yaradır. Hazırda bəzi əməliyyatlar manual qaydada həyata keçirilə bilir. Paralel olaraq depozitarlar arasında birbaşa kommunikasiya və inteqrasiyanın təmin olunması istiqamətində texniki işlər davam etdirilir. Məqsəd qiymətli kağızlar üzrə əməliyyatların tam avtomatlaşdırılması və onların beynəlxalq standartlara uyğun olaraq "SWIFT" platforması üzərindən icra edilməsidir. Hədəf cari ilin sonuna qədər bu texniki işləri yekunlaşdırmaq və əməliyyatları manual mərhələdən tam avtomatlaşdırılmış mərhələyə keçirməkdir”.

Birja ticarəti prioritetdir

Sədrin sözlərinə görə, tənzimlənən bazarda Bakı Fond Birjası platforması üzərindən həyata keçirilən ticarət prioritet olaraq qalır:

“Həm tənzimləyici qurumun, həm də bazar iştirakçılarının əsas məqsədi likvidliyin məhz birja platformasında cəmlənməsidir və bu istiqamətdə işlər davam edir. Bununla yanaşı, birjadankənar bazar da kapital bazarının təbii və zəruri tərkib hissəsidir. Hazırda qiymətli kağızlar üzrə əməliyyatların birjadankənar bazarda daha sürətli və rahat həyata keçirilməsi üçün daxili infrastrukturun təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Məqsəd hesablaşmaların elektron mühitdə həyata keçirilməsi və investorlar üçün daha effektiv mexanizmlərin yaradılmasıdır”.

Vahid hesablaşma modeli və risklərin idarə olunması

E. Əlizadə müsahibəsindəvahid hesablaşma modeli və risklərin idarə olunmasında danışarkən bildirib ki, hazırda kapital bazarında ticarət limitləri hesablaşma agentlikləri vasitəsilə təmin olunur. Onun sözlərinə görə, bu, bəzi hallarda təminat (qarantiya) mexanizmlərinin tam və effektiv tətbiqinə mane olur və risklərin vahid formada idarə edilməsini çətinləşdirir:

“Bu səbəbdən, Milli Depozit Mərkəzi tərəfindən vahid hesablaşma modeli çərçivəsində təminat mexanizmlərinin tətbiqi planlaşdırılır. Bu yanaşma maliyyə girovları üzrə mexanizmlərin daha düzgün tətbiqinə, likvidlik və kredit risklərinin sistemli və şəffaf idarə olunmasına imkan verəcək. Nəticədə əməliyyatların sürətlənməsi, risklərin azalması və hesabına xərclərin optimallaşdırılması təmin olunacaq”.

Beynəlxalq inteqrasiya və yeni tərəfdaşlıqlar

Sədr yeni tərəfdaşlıqlarla bağlı suala cavabında isə qeyd edib ki, beynəlxalq depozitarlarla əməkdaşlığın genişləndirilməsi strateji prioritet olaraq qalır:

“Qazaxıstanın mərkəzi depozitarı və Türkiyənin Mərkəzi Kağıt Kurulu ilə qarşılıqlı hesabların açılması artıq təmin edilib ki, bu da regional inteqrasiyanı gücləndirir.

Eyni zamanda, “Clearstream” kimi qlobal depozitar platformalarda hesabların açılması istiqamətində işlər davam etdirilir. Əsas məqsəd beynəlxalq tələblərə uyğunluğun təmin edilməsi, eləcə də çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə standartların tətbiqidir. Bu uyğunluq beynəlxalq qurumlarla inteqrasiyanın əsas şərtlərindən biridir.

Bundan əlavə, Milli Depozit Mərkəzi Avrasiya Depozitarlar Assosiasiyasının üzvüdür. Cari ildə daha bir depozitarın assosiasiyaya üzv olması planlaşdırılır və bu istiqamətdə danışıqlar davam edir. Assosiasiya çərçivəsində keçirilən tədbir və konfranslar beynəlxalq əlaqələrin genişləndirilməsi üçün əlavə imkanlar yaradır. Milli Depozit Mərkəzi olaraq daha bir ölkənin depozitarı ilə əlaqələrin genişləndirilməsi və hesabların açılması üzərində də danışıqlar aparırıq”.

İnvestisiya fondları bazarın inkişafını dəstəkləyir

E. Əlizadə investisiya fondlarının aktivlərinin saxlanması üzrə depozitar xidmətlərin göstərilməsi funksiyasının Milli Depozit Mərkəzinə verilməsini bazar üçün mühüm institusional addım hesab edir. O vurğulayıb ki, investisiya fondları peşəkar idarəetmə əsasında fəaliyyət göstəridiyi üçün daha etibarlı maliyyə aləti hesab olunur:

“Milli Depozit Mərkəzinin bu prosesə daxil olması aktivlərin qorunması və nəzarət mexanizmlərini gücləndirir, həm yerli, həm də xarici investorlar üçün etimadı artırır. Eyni zamanda, investisiya fondları kiçik məbləğlərlə diversifikasiya olunmuş portfellərə çıxış imkanı yaradır ki, bu da kollektiv investisiya mədəniyyətinin inkişafına və investor bazasının genişlənməsinə müsbət təsir göstərir”.

Strateji baxış və texnoloji gələcək

“2024–2026-cı illər üzrə İnkişaf Strategiyası” çərçivəsində Milli Depozit Mərkəzi institusional inkişaf, texnoloji modernləşmə və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətlərində mərhələli şəkildə fəaliyyət göstərir. Əsas məqsəd həm yerli, həm də xarici investorlar üçün müasir həllər təqdim edən inteqrasiya olunmuş platformanın formalaşdırılmasıdır ki, bu da Azərbaycan kapital bazarının qlobal maliyyə sisteminə inteqrasiyasını daha da gücləndirəcək”, - sədr qeyd edib.

E. Əlizadə yekunda bildirib ki, hazırda beynəlxalq təcrübədə mərkəzi depozitarlar arasında DLT (Distributed Ledger Technology) texnologiyasının tətbiqi ilə bağlı müzakirələr aparılır:

“Blokçeyn texnologiyası da bu yanaşmanın tərkib hissəsidir. Qiymətli kağızların tokenləşdirilərək rəqəmsal aktivlər kimi emissiyası bu texnologiyalara olan tələbatı artırır. DLT texnologiyasının tətbiqi hesablaşma müddətlərinin azalmasına və əməliyyatların daha səmərəli həyata keçirilməsinə imkan yaratsa da, beynəlxalq səviyyədə hüquqi və tənzimləyici bazanın hələ tam formalaşmaması pul hesablaşmalarının icrasında müəyyən çətinliklər yaradır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti