Astana.Trend:
Qazaxıstanın Baş naziri Oljas Bektenov Aktau–Bakı marşrutu üzrə yeni nəqliyyat vasitələrinin xəttə buraxılması ilə bağlı işlərin sürətləndirilməsini tapşırıb.
Trend Qazaxıstan hökumətinə istinadən xəbər verir ki, bunu o, ölkənin tranzit-nəqliyyat inkişafı sahəsində prezident tapşırıqlarının icrasına dair keçirilən müşavirədə bildirib.
Baş nazir qeyd olunan marşrut üzrə fəaliyyət göstərəcək altı konteynerdaşıyan gəminin alınması prosedurlarının uzanmasına diqqət çəkib.
Bundan əlavə, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi önəm verilib. Hökumətdə bildirilib ki, TBNM üzrə çatdırılma müddətlərinin azaldılması, “Altınköl – Poti/Batumi” marşrutu üzrə vahid tariflərin tətbiqi, eləcə də Azərbaycan və Gürcüstandakı tərəfdaşlarla rəqəmsal sistemlərin inteqrasiyası istiqamətində işlər aparılır.
Hazırda ümumi uzunluğu 3,9 min km olan dəmir yolu üzrə iri infrastruktur layihələri həyata keçirilir. Bunlara “Moyıntı – Qızıljar” və “Baxtı – Ayagöz” xətlərinin tikintisi, həmçinin “Altıngöl – Jetigen”, “Şalkar – Beyneu”, “Beyneu – Manqistau” və digər sahələrin modernləşdirilməsi daxildir.
Qeyd edək ki, Kazmortransflot (“KazMunayGas”ın törəmə şirkəti) 2025-ci ildə Aktau–Bakı–Aktau marşrutu üzrə 59,4 min iyirmi fut ekvivalentində (TEU) konteyner daşıyıb. Bu göstərici 2024-cü illə (51,4 min TEU) müqayisədə 15 faizdən çox artıb.
