...

Akademik Zərifə Əliyevanın anım günü: fədakar ömrün işığında - Afət Həsənova

Cəmiyyət Materials 13 Aprel 2026 13:25 (UTC +04:00)
Akademik Zərifə Əliyevanın anım günü: fədakar ömrün işığında - Afət Həsənova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 15-i Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanın anım günüdür. Bu tarix yalnız bir alimin xatirəsinin yad edilməsi deyil, həm də bütöv bir epoxanın – fədakarlıq, humanizm və elmi zəhmətlə yoğrulmuş bir həyat yolunun ehtiramla anılması deməkdir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gələn Zərifə Əziz qızı Əliyeva taleyini Azərbaycan səhiyyəsinə bağladı:

“1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil oldu və 1947-ci ildə ali təhsilini əla nəticələrlə başa vurdu. Hələ gənc yaşlarından elmi axtarışlara xüsusi maraq göstərən Zərifə xanım 1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başladı, 1950-ci ildə isə aspiranturaya qəbul olundu. O, praktik həkimliklə elmi fəaliyyəti paralel şəkildə davam etdirərək oftalmologiya sahəsində mühüm yeniliklərə imza atdı.

XX əsrin ortalarında respublikamızda geniş yayılmış və minlərlə insanın sağlamlığını təhlükə altına alan traxoma xəstəliyinə qarşı aparılan mübarizədə Zərifə xanımın xidmətləri xüsusi qeyd olunmalıdır. O, yalnız elmi tədqiqat aparmaqla kifayətlənməyərək, bölgələrə səfərlər edir, həkimlər üçün seminarlar təşkil edir, müalicə və profilaktik tədbirlərin həyata keçirilməsində şəxsən iştirak edirdi. Onun 1960-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyası məhz traxomanın effektiv müalicə üsullarına həsr olunmuşdu və qısa müddətdə bütün respublikada tətbiq edilməyə başladı. Nəticədə bu xəstəlik ölkəmizdə sosial problem kimi aradan qaldırıldı”.

A.Həsənova qeyd edib ki, Zərifə Əliyeva qlaukoma və digər göz patologiyalarının öyrənilməsində də mühüm elmi nəticələr əldə etmişdir:

“1977-ci ildə “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını Moskvanın nüfuzlu H.Helmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsini aldı. Onun peşə patologiyası sahəsində apardığı araşdırmalar beynəlxalq səviyyədə yüksək qiymətləndirildi və 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülməsi bunun bariz nümunəsidir.

1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva bu ada layiq görülən ilk azərbaycanlı qadın oftalmoloq kimi tarixə düşdü. Onun 150-yə yaxın elmi əsəri, 12 monoqrafiyası, dərslik və dərs vəsaitləri bu gün də tibb ictimaiyyəti üçün dəyərli mənbədir. “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri”, “Terapevtik oftalmologiya” kimi fundamental əsərlər həkimlərin stolüstü kitabına çevrilmişdir”.

Deputat vurğulayıb ki, Zərifə xanım yalnız alim deyil, həm də böyük pedaqoq idi:

“Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışdığı illərdə yüzlərlə gənc həkimin formalaşmasında mühüm rol oynadı. Onun rəhbərliyi altında yeni nəsil oftalmoloqlar yetişdi. O, tələbələrinə yalnız elmi bilik deyil, həm də yüksək mənəvi dəyərlər aşılayırdı. “Həkim insanın ən doğma adamıdır” – deyən Zərifə xanım bu prinsipi bütün fəaliyyəti boyu rəhbər tutmuşdur.

Onun həyat və fəaliyyəti haqqında Ulu Öndər Heydər Əliyev hər zaman böyük ehtiramla danışmış, Zərifə xanımı həm görkəmli alim, həm də ailə dəyərlərinə sadiq, yüksək mənəviyyat sahibi bir insan kimi səciyyələndirmişdir. Prezident İlham Əliyev də çıxışlarında Zərifə xanımın həyat fəlsəfəsinin əsasını xeyirxahlıq, mərhəmət və insanlara xidmət kimi dəyərlərin təşkil etdiyini vurğulamışdır.

Bu gün Zərifə xanımın adını daşıyan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ölkəmizdə oftalmologiya sahəsində aparıcı tibb müəssisəsidir və alimin zəngin irsini layiqincə yaşadır.

Akademik Zərifə Əliyevanın ömür yolu Azərbaycan qadınının elm, ziyalılıq və humanizm zirvəsinə yüksəlməsinin parlaq nümunəsidir. Onun həyatı sübut edir ki, həqiqi böyüklük və əbədiyyət insanlara edilən yaxşılıqla ölçülür.

Bu anım günündə böyük alimin xatirəsi dərin ehtiramla yad edilir. Onun zəngin elmi və mənəvi irsinin gələcək nəsillər üçün daim örnək olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti