Bakı. Trend:
"PAŞA Bank"ın İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına başlanılması ilə Azərbaycanda bazar kapitalizasiyasının ÜDM-ə nisbəti IPO ilə 4%-ə yaxınlaşacaq.
Trend xəbər verir ki, bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov "PAŞA Bank"ın səhmlərinin satışının başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda listinqdə olan şirkətlərin bazar kapitalizasiyasının ümumi daxili məhsula (ÜDM) nisbəti bir çox bençmark ölkələrlə müqayisədə aşağı səviyyədədir və 10%-dən az, təxminən 3%-ə yaxındır.
Ruslan Xəlilov qeyd edib ki, "PAŞA Bank"ın İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına başlanılması ilə bu göstəricinin təxminən 4%-ə yaxınlaşacağı gözlənilir. Onun fikrincə, bu artım mühüm və təqdirəlayiq göstəricidir.
BFB sədri əlavə edib ki, qurum yalnız "PAŞA Bank" və maliyyə sektorunun digər iştirakçıları ilə deyil, həm də potensial emitentlərlə aktiv şəkildə işləyir və onlara IPO prosesinin üstünlükləri barədə məlumat verir.
