Bakı. Trend:
2026-cı ildə 45 audit planlaşdırılıb, o cümlədən təhsil, səhiyyə müəssisələri, Qarabağ və su təsərrüfatında investisiya layihələri, dövlət satınalmaları, məqsədli büdcə fondları, büdcədənkənar dövlət fondlarından Dövlət Sosial Müdafiə Fondu (DSMF) və İşsizlikdən Sığorta Fondunun (İSF) gəlir və xərcləri, bəzi beynəlxalq tədbirlər üzrə auditinin keçirilməsi nəzərdə tutulub.
Trend xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Sədr eyni zamanda rəqəmsallaşma ilə bağlı fəaliyyət planlarından
da bəhs edib: “Müasir dövrdə dövlət auditi rəqəmsallaşma
istiqamətində sürətlə inkişaf edir. Son dövrdə ölkəmizdə rəqəmsal
inkişaf, süni intellektlə bağlı strateji sənədlərin təsdiq olunması
da bu sahəyə xüsusi diqqəti tələb edir.
Hesablama Palatası beynəlxalq təcrübəyə uyğun olaraq bu sahədə
ilkin addımlar atmışdır. Ötən il rəqəmsal audit sisteminin
qurulmasına başlamışıq.
İnformasiya sistemi qanunvericiliklə müəyyən edilmiş hesabatların və məlumatların mübadiləsi, emalı, verilənlərin ssenarilər əsasında təhlili vasitəsilə maliyyə nəzarətinin və büdcə prosesində iştirakdan irəli gələn fəaliyyətin təşkilinin səmərəliliyini artıracaqdır. İlkin mərhələdə artıq bəzi işləri həyata keçirmişik. Bura aşağıdakılar aiddir: 1. Əsas texnoloji platformanın yaradılması; 2. Hökumət buludunda yerləşdirilməsi; 3. Hesabat və məlumatların əldə edilməsi; 4. Standartlaşdırılmış vahid yanaşma; 5. Vahid Giriş Sistemi və elektron imza ilə təsdiq”.
V. Gülməmmədov cari ildə nəzərdə tutulan işlərlə bağlı isə bunları qeyd edib:
“Risk/analitik modulun tətbiqi (120-dən çox meyar əsasında qiymətlədnirmələrin aparılması və qurumlara nəticələrin təqdim edilməsi; Məlumat əsaslı qərar qəbul edilməsinə yönəlmiş modelin tətbiqi; Müxtəlif dövlət informasiya sistemlərinin məlumatlarının müvafiq sistemə inteqrasiyası (ötürülməsi) və vahid analitik mühitin yaradılması; Əldə olunan nəticələrin audit planlaşdırması və risk qiymətləndirməsində istifadəsi.
Daha sonrakı mərhələ isə informasiya sistemin (DAİS-in) inkişafının audit prosesinin rəqəmsal mühitdə daha effektiv təşkilinə və auditin idarə olunmasının süni intellekt əsaslı yanaşmaya keçidinə yönəlmişdir. Məqsəd - audit prosesinin fiziki məkandan asılılığını azaltmaq, audit qrupları ilə audit olunan qurumlar arasında məlumat mübadiləsini əsasən elektron platforma üzərindən təmin etmək, audit sübutlarının sistemli şəkildə idarə olunmasını və audit prosesinin izlənilə bilən mühitdə aparılmasını təmin etməkdir”.
