...

Netanyahudan İrana xəbərdarlıq

Dünya xəbərləri Materials 13 Aprel 2026 17:12 (UTC +04:00)
Netanyahudan İrana xəbərdarlıq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran ilə ABŞ arasındakı atəşkəs istənilən an pozula bilər.

Trend İsrail mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Binyamin Netanyahu bu gün keçirilən Nazirlər Kabinetinin iclası ərəfəsində bildirib.

Netanyahu qeyd edib ki, Amerikalı vitse-prezident Cey Di Vens Pakistanda aparılan danışıqlarla bağlı onu məlumatlandırıb. Baş nazir qeyd edib ki, amerikalılar İranın danışıqlara başlamaq üçün razılaşmanı açıq şəkildə pozmasını qəbul edə bilməzdilər.

“Razılaşma belə idi ki, onlar atəşi dayandıracaq, iranlılar isə dərhal Hörmüz boğazını açacaqdılar, lakin (Tehran) bunu etmədi. Amerikalılar bunu qəbul edə bilməzdi”,- Netanyahu bildirib.

Netanyahu Donald Trampın İranın dəniz limanlarının blokadası ideyasını dəstəklədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti