...

İnternet xidmətləri üzrə şikayətlər artıb?

Gündəm Materials 13 Aprel 2026 16:06 (UTC +04:00)
İnternet xidmətləri üzrə şikayətlər artıb?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin birinci rübü ərzində telekommunikasiya və poçt xidmətləri üzrə ümumilikdə 1741 şikayət daxil olub. Müraciətlərin 45,8%-i internet (GPON, ADSL və s.) və telefon (məftilli) rabitəsi xidmətləri, 22,6%-i mobil internet və rabitə xidmətləri, 31,6%-i poçt rabitəsi xidmətləri üzrə qeydə alınıb.

Bu barədə Trend-ə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) məlumat verilib.

Bildirilib ki, bu müddət ərzində hər gün orta hesabla sistem vasitəsilə 19 şikayət daxil olub. Müraciətlər 81 telekommunikasiya və poçt xidmətləri təchizatçısı barədə ünvanlanıb.

Telekommunikasiya xidmətləri üzrə 2026-cı ilin birinci rübü ərzində “E-Şikayət” sisteminə ümumilikdə 1191 müraciət daxil olub. Böyük qismi – 61,8%-i internet (GPON, ADSL və s.) xidmətləri üzrədir. Mobil internet və mobil rabitə üzrə daxil olan müraciətlər 33%, telefon rabitəsi üzrə isə 5,2%-dir.

İnternet (GPON, ADSL və s.) xidməti üzrə müraciətlərdə ən çox pay 16,1%-lə xidmətin işləməməsinə, 13,5%-lə xidmət keyfiyyəti ilə bağlı məsələlərə, 10,8%-lə isə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlərə aiddir.

Mobil rabitə xidmətləri üzrə daxil olan müraciətlərin əsas hissəsi operator dəyişdirilməsi (nömrədaşıma) ilə əlaqədar olub və bu kateqoriya üzrə müraciətlər 11,7% təşkil edib. Tariflərlə bağlı müraciətlər 6,4%, xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlərlə bağlı müraciətlər isə 2,9% olub.

Telefon rabitəsi xidməti üzrə müraciətlərin 1,5%-i xidmətin işləməməsi, 1,3%-i infrastruktur problemləri, 1,1%-i isə xidmət təchizatçıları tərəfindən istehlakçılara göstərilən xidmətlərlə bağlıdır.

Mobil internet xidmətləri üzrə ən çox müraciətlər 2,5%-lə şəbəkə problemləri və tariflər, 0,6%-lə isə xidmət təchizatçılarının istehlakçılara göstərdikləri xidmətlər barədə qeydə alınıb.

Ünvan olaraq müraciətçilərin 57,2%-i Bakını qeyd edib. Abşeron – Xırdalan üzrə bu göstərici 4,8%, Sumqayıt üzrə isə 4,3% təşkil edib. Daxil olan müraciətlərin ümumilikdə 78,9%-də vətəndaşlar əsasən 10 bölgəni – Bakı, Abşeron – Xırdalan, Sumqayıt, Cəlilabad, Gəncə, Lənkəran, Quba, Naxçıvan, Ucar və Astaranı ünvan olaraq göstəriblər.

İlk üç ayda sistem üzərindən müraciət edənlərin 88,3%-ni kişilər, 11,7%-ni isə qadınlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti