Bakı. Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 12-də Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi patent müvəkkilliyinə namizədlərin attestasiyasının birinci – test imtahanı mərhələsini keçirmişdir. İmtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
Trend bu barədə Əqli Mülkiyyət Agentliyinə istinadən xəbər verir.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələrlə DİM-in saytında tanış olmaq mümkündür.
İmtahanın müddəti 3 saat olub və namizədlərə 100 test tapşırığı təqdim edilib. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir.
İmtahanda qeydiyyatdan keçmiş 40 namizəddən 36 nəfəri iştirak edib. 31 nəfər tələb olunan 50 və daha yuxarı bal toplayaraq növbəti mərhələyə – müsahibəyə buraxılıb. Müsahibə mərhələsi Əqli Mülkiyyət Agentliyində yaradılmış Komissiya tərəfindən aparılacaq.
Test imtahanının nəticələri ilə bağlı Apellyasiya Komissiyası aprelin 13–15-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.